Home / Hadisə  / Türkiyədə terror “dalğası” – 300-dən çox ölü, 1600-dən çox yaralı

Türkiyədə terror “dalğası” – 300-dən çox ölü, 1600-dən çox yaralı

İki gün öncə Türkiyədə Atatürk Hava Limanında törədilən terror Azərbaycanda da böyük kədər hissi ilə qarşılandı. Qardaş ölkədə yenə qan töküldü, özü də hava limanında. Ümumiyyətlə, Türkiyədə son zamanlar terror aktlarının artması müşahidə olunur. Bu dəfə

İki gün öncə Türkiyədə Atatürk Hava Limanında törədilən terror Azərbaycanda da böyük kədər hissi ilə qarşılandı. Qardaş ölkədə yenə qan töküldü, özü də hava limanında. Ümumiyyətlə, Türkiyədə son zamanlar terror aktlarının artması müşahidə olunur.

Bu dəfə sizə son bir il ərzində Türkiyədə qeydə alınan terror aktlarını araşdırmışıq. Ortaya çıxan nəticə təəssüf ki, çox acınacaqlıdır. Araşdırmamız nəticəsində müəyyən olunub ki, 1 il ərzində ölkədə 300-dən çox adam terror nəticəsində həyatını itirib, 1600 nəfərdən çox adam isə yaralanıb. İndi isə baş verən terror hadisələrinin qısa xülasəsi ilə  ATV.az-ın verdiyi məlumatda tanış olun:

6 yanvar 2015-ci il: İstanbulun mərkəzində polis bölməsinin önündə qadın kamikadze özünü partladıb. Məlumata görə, Sultanahmetdə turizm şöbə müdirliyinin önündə dağıstanlı, 18 yaşlı Diana Ramazanova adlı qadın əlində tutduğu bombanı partladıb. Hadisə nəticəsində 1 polis şəhid olub, biri isə yaralanıb. Araşdırmalar zamanı məlum olub ki, qadının İŞİD-ə bağlı olan terror təşkilatı ilə əlaqəsi olub. Evli və iki aylıq hamilə olan kamikadze qadının hadisə baş verəndən sonra çantasından “turizm şöbə”si yazılan not çıxıb. Onun 2014-cü ilin iyulunda Türkiyəyə gəldiyi məlum olub.

5 iyun 2015-ci il: Türkiyənin Diyarbəkir vilayətində terror aktı törədilib. Məlumata görə, Diyarbəkir vilayətinin Çinar rayonunda Xalqların Demokratik Partiyasının (HDP) keçirdiyi seçki mitinqi zamanı törədilən partlayış nəticəsində 5 nəfər ölüb, 400-dən çox adam yaralanıb. Terrorçular polis bölməsinin yaxınlığında minalanan avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. Məlumata görə, terrorçular eyni anda üç müxtəlif yerə –  polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib.

20 iyul 2015-ci il: Türkiyənin Şanlıurfa vilayətində terror aktı törədilib. Məlumata görə, günorta saatlarında Şanlıurfanın Suruç rayonunda, Amara mədəniyyət mərkəzinin qarşısında üzərində bomba olan kamikadze bir qrup gəncin təşkil etdiyi mətbuat açıqlamasında özünü partladıb. Hadisə Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvünün həmin ərazidəki çay bağçasında “Kobaninin yenidən inşaası” mövzusunda mətbuat konfransı keçirilən zaman törədilib. Terror nəticəsində 34 nəfər həyatını itirib, 100-dən çox adam yaralanıb. Canlı bombanın İŞİD-lə əlaqəsi olan Şeyx Əbdürrəhman Alagöz olduğu müəyyən edilib.

2 avqust 2015-ci il: Ağrı vilayətində terror hadisəsi törədilib. PKK terror təşkilatı Ağrı vilayətinin Doğubəyazit rayonunda polis binasına iki ton partlayıcı maddələrlə yüklənən traktorla hücum təşkil edib. Nəticədə iki hərbçi şəhid olub, 30-dan çox adam yaralanıb.

10 avqust 2015-ci il: Həmin gün PKK terrorçuları 6 saat fərqlə polislərə qarşı 2 dəfə terror aktı törədib. Hadisələr nəticəsində 6 polis şəhid olub, azı 10 nəfər xəsarət alıb.

19 avqust 2015-ci il: Türkiyənin Siirt bölgəsində terror aktı törədilib. Yola yerləşdirilən partlayıcı qurğu hərbi avtomobil keçən zamanı partladılıb. Hadisə nəticəsində 8 əsgər şəhid olub, bir neçə əsgər yaralanıb.

6 sentyabr, 2015-ci il: Türkiyənin Hakkari vilayətində terror aktı törədilib. Məlumata görə, Hakkarinin Dağlıca–Yüksəkova yolunda hərəkəti bərpa etmək üçün aparılan əməliyyatda 3 ədəd kustar üsulla hazırlanan partlayıcı aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatın davamında yola basdırılan digər partlayıcıların işə düşməsi ilə 2 zirehli maşın partlayıb. Hadisə nəticəsində 16 əsgər şəhid olub, 6 nəfər yaralanıb.

13 sentyabr, 2015-ci il: Türkiyənin Şırnak vilayətinin sərhəd-keçid məntəqəsi önündə partlayıcı qurğu yerləşdirilən maşın partladılıb. Hadisə nəticəsində 2 polis əməkdaşı şəhid olub, 5 nəfər yaralanıb. Terror aktına görə, Türkiyə hakimiyyəti PKK-nı günahkar bilib.

10 oktyabr 2015-ci il: Həmin gün Türkiyədə ən qanlı terror hadisələrindən biri törədilib. Türkiyənin paytaxtı Ankarada DİSK, KESK, TMMOB və TTB, HDP və s. həmkarlar təşkilatları “Barış Mitinqi” təyin edib. Mitinqə qatılmaq üçün Gənclik Parkında insanlar toplaşmağa başlayan zaman ardıcıl olaraq 3 saniyə fərqlə 2 partlayış baş verib. Dəhşətli terror hadisəsi nəticəsində 109 nəfər həyatını itirib, 500-dən çox adam yaralanıb.

23 dekabr 2015-ci il: İstanbulun Sabiha Gökçən hava limanında terakt törədilib. Hava limanı ərazisində açılan atəş nəticəsində təmizlik işçisi kimi çalışan 30 yaşlı, 2 uşaq anası Zəhra Yamaç həyatını itirib. Teraktı PKK terror təşkilatı törədib.

12 yanvar 2016-cı il: Sultanahmed meydanında terror törədilib. Məlumata görə, İstanbulun Fatih rayonundakı Sultanahmet meydanında, 28 yaşlı, suriya əsilli canlı bomba turist karvanının içinə girərək üzərindəki bombanı partladıb. Hadisə nəticəsində ümumilikdə 13 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisə nəticəsində həyatı itirənlərin hamısının alman olduqları müəyyənləşib. Yaralanan 14 nəfərdən isə 11-i xarici ölkə vətəndaşı olub. Onlardan 9-u alman, biri Norveç, biri isə Peru vətəndaşı olub.

13 yanvar 2016-ci il: Diyarbəkirdə terakt törədilib. Çinar məhəlləsində bomba yüklü avtomobil partladılıb və silahlı hücum təşkil olunub. Hadisə nəticəsində 6 nəfər həlak olub, 39 nəfər yaralanıb.

17 fevral 2016-cı il: Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. Məlumata görə,  güclü partlayış hərbi şəhərcik yaxınlığında hərbi maşın karvanında baş verib. Hadisə nəticəsində ümumilikdə, 29 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hadisəni törədən 1992-ci ildə Suriyada anadan olan Sahih Neccar adlı şəxsdir. Hadisədən sonra onun 2014-cü ildə polisdə çəkilən fotosu üzə çıxıb.

13 mart 2016-cı il: Bu ilin mart ayı Türkiyədə terror ayı kimi yaddaşlarda qalıb. Ay ərzində iki terror hadisəsi törədilib. Martın 13-də Ankarada içərisində hərbçilər olan avtobus partladılıb. Hadisə nəticəsində 38 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.

18 mart 2016-cı il: Mardinin Nusaybin məhəlləsində həyata keçirilən əməliyyatlar zamanı PKK terrorçularına aid əldə düzəldilən bombanın partlaması nəticəsində 1 polis və 2 əsgər şəhid olub.

19 mart 2016-cı il: İstanbulun mərkəzində Taksim meydadında terror aktı törədilib. Məlumata görə, “canlı bomba” vaxtından əvvəl işə düşüb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 36 nəfər yaralanıb. Yaralıların 24-ü əcnəbi olub. Məlumatlarda bildirilir ki, terror məqsədli şəkildə xarici vətəndaşların sıx olduğu ərazidə həyata keçirilib.

31 mart 2016-cı il: Diyarbəkir vilayətinin Bağcılar məhəlləsində xüsusi təyinatlı polislərin də olduğu avtomobil karvanına qarşı terror aktı törədilib. Partlayış nəticəsində 7 polis şəhid olub, 13 polis yaralanıb, bundan başqa 14 dinc sakin də partlayış zamanı xəsarət alıb.

1 aprel 2016-cı il: Diyarbəkir vilayətində terror aktı törədilib. PKK terrorçusu yolun kənarında saxlanılan bomba yüklü avtomobili təhlükəsizlik qüvvələrini daşıyan avtobus keçərkən partladıb. Partlayış zamanı 7 polis şəhid olub, 13 polislə yanaşı 14 dinc sakin yaralanıb.

1 aprel 2016-ci il: Mardinin Qızıltəpə məhəlləsində əsgərlik şöbəsinə bomba yüklü avtomobillə hücum təşkil edilib. Şöbənin yaxınlığındakı inşaatda nəzarətçilik edən bir nəfər ölüb və aralarında uşaqların da olduğu çoxlu sayda adamın yaralanıb.

12 aprel 2016-cı il:  Diyarbəkirin Hani rayonunda PKK terrorçuları rayon ərazisindəki “jandarm” birliyinə aid hərbi hissədə partlayış törədilib. Partlayıcı ilə yüklənən tankerlə həyata keçirilən partlayış nəticəsində 1 hərbçi şəhid olub, 30 nəfərə yaxın adam yaralanıb.

27 aprel 2016-cı il: Türkiyənin Bursa şəhərində terror hadisəsi törədilib. Məlumata görə, Ulucami məscidinin yaxınlığında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Hadisəni 25 yaşlı qadın kamikadzenin törətdiyi və ölənin də terrorçunun özü olduğu bildirilir.

1 may 2016-cı il: Türkiyənin Gaziantep şəhərində terror aktı törədilib. Məlumata görə, Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.

10 may 2016-cı il: Diyarbəkirdə avtomobil yaxınlıqdan polis avtobusu keçərkən partladılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 12-si polis olmaqla 45 nəfər yaralanıb.

12 may 2016-cı il: İstanbulun Sancaqtəpə rayonunda minalanmış avtomobil partladılıb.  Nəticədə 5 hərbçi daxil olmaqla, 8 nəfər yaralanıb. Hərbi maşının keçdiyi an törədilən partlayış məsafədən idarə olunub.  PPK terror təşkilatı İstanbulda partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

24 may 2016-cı il: Vanın Çaldıran vilayətində PKK terrorçularının yola bağladıqları bomba avtomobil keçən zaman partlayıb. Hadisə nəticəsində 6 əsgər şəhid olub, 2 əsgər də yaralanıb.

7 iyun 2016-cı il: İstanbulun Vezneciler məhəlləsində polis avtomobili partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

8 iyun 2016-cı il: Türkiyənin Mardin vilayətinin Midyat məhəlləsində törədilən terror aktı nəticəsində 3 polis və 3 mülki şəxs həyatını itirib. Terror aktını PKK-nın “Dirok Ahmet” ləqəbli üzvü həyata keçirib. Terrorçunun əsl adı İshaq Qatardır.

23 iyun 2016-cı il: Hakkari vilayətinin Çukurca yolunda bölgədə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşları keçən zaman əldə düzəldilən qumbaranın partlaması nəticəsində 4 əsgər şəhid olub. Daha sonra Mardinin Derik məhəlləsində PKK terrorçuları əraziyə gedən polisləri atəşə tutub. Hadisə nəticəsində 2 əsgər şəhid olub. Ömərli məhəlləsinin jandarma idarəsinə bomba yüklü avtomobillə hücum təşkil edilib. Partlayış zamanı ərazidən keçən TİR sürücüsü həlak olub, 3-ü əsgər olmaqla 12 adam yaralanıb.

28 iyun 2016-cı il: İstanbulda Atatürk Hava Limanında terror aktı törədilib. Son məlumatlara görə, ölü sayının 42-yə çatdığı məlum olub, 238 nəfər isə yaralanıb. Yaralılarla bağlı müxtəlif rəqəmlər səsləndirilir. Qeyri-rəsmi mənbələr yaralı sayının rəsmi açıqlananlardan daha çox olduğunu bildirir.

POST TAGS:
Review overview