Home / Hadisə  / İstanbul terrorunu BU ALÇAQLAR törətdilər: biri çeçen, ikisi tacik – TƏFƏRRÜAT+FOTO

İstanbul terrorunu BU ALÇAQLAR törətdilər: biri çeçen, ikisi tacik – TƏFƏRRÜAT+FOTO

İstanbulun Atatürk Hava Limanında dəhşətli terror hücumları həyata keçirən terrorçuların hansı ölkə vətəndaşları olduqları və hücumu necə həyata keçirdikləri təfərrüatları ilə üzə çıxıb. Türkiyə KİV-lərinə məlum olan bu təfərrüatlar təhlükəsizlik orqanlarının hava limanının təhlükəsizliyinin təmin edilməsinə

İstanbulun Atatürk Hava Limanında dəhşətli terror hücumları həyata keçirən terrorçuların hansı ölkə vətəndaşları olduqları və hücumu necə həyata keçirdikləri təfərrüatları ilə üzə çıxıb.

Türkiyə KİV-lərinə məlum olan bu təfərrüatlar təhlükəsizlik orqanlarının hava limanının təhlükəsizliyinin təmin edilməsinə dair yetərli peşəkarlıq nümayiş etdirmədiyini də göstərir.

Məlum olub ki, terrorçulardan biri milliyətcə çeçen olmaqla Rusiya vətəndaşı, digər ikisi isə Tacikistan vətəndaşıdır. Onlar Türkiyəyə 32 gün əvvəl İŞİD-in “paytaxtı” Rakka şəhərindən göndərilib. Terrorçular İstanbulun Fatih Horhor səmtində çoxmərtəbəli binada mənzil kirayələyib. Mənzili kirayə verən daşınmaz əmlak agentliyinin sahibi deyib ki, həmin şəxslər mənzili 1 illiyinə kirayələyib. Bu zaman onlardan biri sənədləşdirmə işləri üçün özünün Rusiya pasportunu təqdim edib.

Mənzildə qaldıqları müddətdə terrorçular qonşulardan heç kimlə ünsiyyətdə olmayıblar. Bununla belə qonşulardan biri mənzildən ara-sıra mübahisə səsləri eşitdiyini deyib.

 

 

Həmin mənzilin yerləşdiyi binanın yaxınlığındakı videomüşahidə kameralarından əldə edilən görüntülərə əsasən terrorçular iyunun 28-də axşam 20.35-də evdən çıxıblar, 3 dəqiqə sonra onlar Aksaray metro stansiyasına bitişik küçəyə çıxıb. Vətən küçəsindəki ticarət mərkəzinin qarşısından keçən terrorçular əllərindəki bəzi əşyaları zibil konteynerinə atıb. Havanın isti və bürkü olmasına baxmayaraq onların hər üçü qış gödəkçələrində olub. Bu da küçədəki polislərdən heç birinin diqqətini cəlb etməyib. Kamera görüntülərinə əsasən terrorçuların əllərində iki böyük və bir kiçik yol çantası var.

Onlar Vətən küçəsindəki ticarət mərkəzinin qarşısında yoldan keçən taksiyə əl qaldırıblar və saxladıblar. Sürücünün istintaqa verdiyi ifadəyə əsasən terrorçulardan biri ona “Atatürk hava limanı” deyib, sürücü ləhcəsindən onun xarici ölkə vətəndaşı olduğunu təxmin edib. Yol boyu terrorçular öz aralarında sürücünün anlamadığı hansısa dildə ara-sıra danışıblar. Taksi sürücüsü onları aeroportun xarici reyslər uçuş terminalının qarşısında düşürüb və geri qayıdıb. Az sonra aeroportda partlayış olduğunu eşidib. Sürücünün dediyinə görə terrorçular çox rahat davranırdılar və onlarda hər hansı həyacan hiss etməyib.

 

 

Terrorçular terminala daxil olanda mülki geyimli polislərdən biri onun isti havada gödəkçə geyinməsindən şübhələnib. Watsapp-la digər polis həmkarına bu haqda yazıb, şübhəlinin “oğruya bənzədiyini” bildirib. “Bəlkə saxlayıb sənədlərini yoxlayaq?” deyib.

Həmin polis həmkarı gələnə qədər şübhəlinin arxasınca gedib, terminalın içərisində ona yaxınlaşıb və sənədlərini soruşub. Bu zaman terrorçu çantasından guya sənəd çıxarmaq üçün aşağı əyilib, gödəkçənin altından “Glock” markalı tapançanı çıxararaq polisə 3 dəfə atəş açıb. Həmin polis ağır yaralanıb. Terrorçu qaçaraq terminaldan aşağı enib, xarici reyslər terminalının qarşısından keçib özünü partladıb.

Digər iki terrorçu partlayış səsini eşidərək xarici reyslər terminalının içərisinə doğru qaçıb. “Kalaşnikov”ları çıxararaq biri sağa, digəri sola doğru atəş aça-aça irəliləyib. Bu zaman terrorçulardan birinə polis atəş açıb və yaralayıb. Yaralı terrorçu yerə yıxılıb, əlindəki “Kalaşnikov”u düşüb. Polis ona yaxınlaşıb, bir neçə saniyə terrorçuya nəzər salaraq üzərindəki bombanı görüb və qaçaraq sütunlardan birinin arxasına sığınıb. Həmin terrorçu yerdə uzanmış vəziyyətdə özünü partladıb. Partlayışdan yaralanan polis bildirib ki, terrorçuya atəş açıb, ancaq başından vura bilməyib. Bombanı görəndən sonra qaçıb. “Onu vurdum, yerə yıxılandan sonra atəş açmağa davam etdim, ancaq başından vura bilmədim”-yaralı polis xəstəxanada onu ziyarət edən baş nazir Binəli Yıldırıma deyib.

 

 

 

Üçüncü terrorçu isə panika içərisində terminalı tərk etməyə çalışan insanların arasında özünü partladıb. Bildirilir ki, terrorçular planlaşdırdıqları kimi terminalın xarici ölkə vətəndaşlarının çox olduğu hissəsinə daxil ola bilsəydi tələfat daha çox olardı.

Təfərrüatlar belə deməyə əsas verir ki, terrorçulardan həm İstanbul küçələrində reyd keçirən polislərin, həm aeroportun təhlükəsizlik xidmətinin şühələnməyə kifayət qədər əsasları olub. Ən azından bir ildə 10 intiharçı terror hücumunun baş verdiyi şəhərdə yayın istisində gödəkçə ilə gəzən biri dərhal şübhə doğurmalıydı və nəticədə terrorçular hələ aeroportun ərazisinə daxil olmadan zərərsizləşdirilə bilərdi. Digər tərəfdən mülki geyimli polisin istidə qış gödəkçəsində olan terrorçuya yaxınlaşaraq sənəd soruşması da peşəkar davranış deyil. Belə olan halda həmin terrorçuya uzaqdan xəbərdarlıq edib əllərini qaldırmaq və hərəkətsiz qalmaq əmr oluna bilərdi. (virtualaz.org)

Print Friendly, PDF & Email
Review overview