Home / Cəmiyyət  / “Novruz bayramından başqa açılan süfrələr bizim süfrəmiz deyil”

“Novruz bayramından başqa açılan süfrələr bizim süfrəmiz deyil”

Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər:  Ocaq Günsırası ilə 13 Şölə Ayı, 38-ci ildə (miladla iyun, 2016) Mütləqə İnam Ocağı “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Soylu Atalı hər zaman dediyi bir fikri tonqal başında

Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər:

 Ocaq Günsırası ilə 13 Şölə Ayı, 38-ci ildə (miladla iyun, 2016) Mütləqə İnam Ocağı “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Soylu Atalı hər zaman dediyi bir fikri tonqal başında yenidən dilə gətirdi: “Biz xalqımızın min ildir söndürülmüş Ocağını yandırır və bunu varlığımızın işığı sanırıq”.
Bayrama giriş sözündə Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Asif Atanın Mütləqə İnam Ocağının “Xəlqilik Baryamı”nı həyata keçiririk, bayramın anlamı haqda bir neçə kəlmə demək istəyirəm.
Asif Ata nədən Ocaq bayramları yaratdı? (Atanın ölümündən sonra biz bu bayramları keçirməyə başladıq). Asif Ata gəncliyində xalqın gələcəyini düşünərək bu qərara gəldi ki, xalqın özünüqoruma sistemi sıradan çıxıb.
Bu yaxınlarda Nəiminin 675 illiyi ilə bağlı söz dedik. Nəimi ilə bağlı sosial şəbəkələrdə çox danışmalar gedib. Bu danışmalar nəyin üzərindədir? Hürufilik təlimi nədir, onunmu? Yox. Bu haqda heç kim danışmır. Nəimi farsdırmı, talışdırmı, kürddürmü? Bu haqda danışırlar. Biz öz şəxsiy­yətlərimizin kimə özgün olduğu haqda baş sındırırıq.

IMG_0178

IMG_0183
Nəiminin babasının adı Əbu Məhəmməd olub. Belə götürəndə bu ad türk ola bilməz. Ancaq Nəimi türkdür. Niyə? Onun babasının adı Əbu Məhəmməd Təbrizidir. Təbrizdə isə türklər yaşayır. Mən tarixdə kiminsə, başqa bir millətdən olanın, Təbrizi (Təbrizli), Bakuvi (Bakılı) və s. özünə belə bir soyad götürməsinə rast gəlməmişəm. Bunu ancaq türk edə bilərdi. Mən siyasi oyunları demirəm. Mənəviyyat, ruhaniyyat tarixindən danışıram. Ona görə biz niyə dartışmalıyıq ki, Nəimi türkdür, ya deyil. Nəiminin, ya bir başqasının fars olmasında bir günah yoxdur. Məsələ ondadır ki, Nəiminin yaratdığı təlim Türk ruhunun ifadəsidir, türk kimliyinin ifadəsidir. Türkün qədim dəyərləri bir-birinə bağlana-bağlana gəlib 15-ci yüzilə çıxıb. Bu da onu nişan verir. Ona görə onun türk kimliyini bilmək bizim üçün çox önəmlidir.
Təkcə bu deyil, hətta torpaqlarımızın kimə özgün olması haqda qovğalar gedir. Filan bölgə kimindir? Hər bir sorun burdan başlayır. Biz öz dəyərlərimizin yiyəsi deyilik, ona yiyə çıxmırıq,  nə də onu evimizdə, millətimizdə öyrətmirik. Asif Ata ona görə deyir ki, bu millətin özünüqoruma sistemi sıradan çıxıb, ona görə də millət toparlanıb ayağa qalxa bilmir. Onun birliyi baş tutmur. Birlik elə-belə baş tutmaz. Nə qədər çağırırsan çağır, gəlin bir olaq deməklə bir olmaq olmur. Ortaq dəyərlər var, bizi özümüzə bənzədən, bizim kimliyimizi bəlli edən dəyərlər var. Biz bu dəyərlərə üz tutduqda doğmalaşırıq. Ona görə Sovetlər dönəmində Asif Ata dedi ki, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Ocaq sözünün də anlamı təsadüfi deyil. Biz bir az öncə ocaq başına toplaşmışdıq. Bu Ocaq bizim Ulusumuzun min ildir ki, söndürülmüş Ocağının yenidən qalanması anlamıdır. Sonra biz bir süfrə açırıq, yoldaşlar deyir ki, buna gərək yoxdur. Ancaq bu da gərəkdir. Niyə? – Biz, bir ulus olaraq, bu çağacan yad süfrələr açmışıq. Novruz bayramından başqa açılan süfrələr bizim süfrəmiz deyil. Biz yadlığa süfrə açmışıq. Yadlığın başında toplanmışıq. Yadlığın başında isə özümüzü tanımırıq. Yadlıq bizə özümüzü dərk elətdirmir.

IMG_0198
Bir haşiyə çıxmaq istəyirəm. İstəyirəm biləsiniz ki, bunları deməklə biz bəşəri dəyərləri, başqala­rının dəyərlərini qatlayıb qırağa qoymuruq. Necə ki, xalqı qırağa qoymuruq, necə ki, biz burda oturan insanları qırağa qoymuruq, eləcə də bəşəri qırağa qoymuruq. Ancaq burda oturan hər bir insanın bəlli üzü var. Hər kəsi o üzlə tanıyırıq. Üzündəki gözəlliklə onu sevirik. Anlamla sevirik. Millətin özünün də üzü var. Bu üzə biz maska taxa bilmərik. Yadlıq maskadır. Yadlığı qəbul ediriksə, o, millətin üzündə maskadır. Onda millət heç vaxt bəlli olmayacaq.
Bir məsələni də deyim: tədbirlərimizdə ayrı-ayrı aydınlarla çağaşırı söhbətlər olub. Onlar tarixi faktları çək-çevirə salıblar. Mən vurğu eləmişəm ki, biz 500 ildən sonra sübut eləməyə qalxacağıq ki, Bakı şəhəri Türkün şəhəridir, başqasının şəhəri deyil. Nədən biz bunu edəcəyik? Söz yox, burda türk yaşayır, 500 il sonra da türk yaşayacaq. Ancaq 500 il sonra dönüb bu günə baxanlar, nədən bilsinlər ki, onların yurdunda türk yaşayıb?! Burda yaşayanın nə adı, nə soyadı, nə gələnəyi, nə mədəniyyəti, heç biri türk deyil. Biz az qala öz babalarımıza şübhə eləməyə başlamışıq. Görəsən babalarımız türkdürmü? Elə insanlar var, deyir ki, deyəsən bizim heç kökümüz də türk olmayıb. Asif Ata bütün bunların hamısını öyrəndikdən sonra dedi ki, Ocaq gərəkdir, Ocağın quralları gərəkdir, bayramları gərəkdir. Bunun əsasında biz xalqımıza sözümüzü deyirik, haraylayırıq. Nə qədər haraylayacağıq, bilmirəm. 10 il, 50 il, 500 il, bilmirəm, haraylamalıyıq. Haraylayacağıq ki, xalq özünü tanısın. Xalq özünü tanıyandan sonra bu və buna bənzər hallar olmayacaq.
Kürdlər Zərdüştçülüyü özününküləşdirir. Zərdüşt Azərbaycanın içindədir, türkdür, 7 arxa dönənin­dən türkdür. Yaratdığı dünyabaxış Tanrıçılıq ideyasından gəlir. Panteizm əsaslıdır onun yaratdığı dünyabaxış, daha çox mifik olsa belə. Ancaq Zərdüşt bizimdir. Bəs niyə kürdlər öz adlarına çıxırlar? – Bu gün siyasi dünya kürdə dövlət yaratmaq istəyir, harda yaradacaq dövləti? – Türkün torpağında. Fərq eləməz Türkiyənin torpağı, ya Güney Azərbaycanın torpağı. Bu coğrafiyada kürdə yer eləyirlər. Mən məsələni genişləndirmək istəmirəm, Amerika çox humanistdirsə, getsin ştatlarının birində kürd dövləti yaratsın. Rusiya çox humanistdirsə, getsin ucqar çöllərinin birində kürd dövləti yaratsın. Nə üçün bunu türk torpağında yaradırlar? – Tarixi bir millətin etkisini ortadan qaldırmaq üçün.
Kürdlər dövlət yaratmaq üçün Zərdüştü öz adlarına çıxırlar. Sübut eləmək istəyirlər ki, bəşəriyyətə Zərdüşt kimi dəyər vermişik. Yəni qədim mədəniyyətli xalq olduqları görüntüsü yaratmaq istəyirlər. Qədim xalqlar sırasında olduğunu sübut eləməklə dövlət qurmağa haqq etdiyini yeritmək. Mən dəyər vermişəm bəşəriyyətə, ona görə dövlət qurmağa haqq edirəm. Ona görə mənimsəyir bizim dəyərləri. Biz nə edirik? Biz də ondan əl çəkirik. Rədd edirik ki, bu bizə yaxın deyil, bunu bizə yaxın qoymayın. Bəs nəyi yaxın qoyum – ərəb qafasını. Ərəb qafası mənə gərək deyil axı. Mənimki dura-dura mən nə üçün yadlığı yaxın qoymalıyam?!
Biz demirik ki, bu gün türk xalqları durub Zərdüştçü olsun. Dönə-dönə yazmışıq, vurğulamışıq, bu mümkün deyil. Ancaq Zərdüştdə yüksək nə varsa, milli mənəvi nə varsa, onu götürüb bu gün də gəlişməmizin özülünə qoymaq gərəkdir. Mayasına qatmaq gərəkdir. Onda biz qədimdən başlayıb sabaha gedən bir xalq olacağıq. Eləcə də başqa dəyərlərimiz.

IMG_0203
Mənə dünən bir yazı göndəriblər Babəklə bağlı. Ordakı yazıda talışlar sübut etməyə zorlanır ki, Babək talışdır. Necə? – Babəkin anadan olduğu kəndin adı Bilalabad olub. Ərdəbildə belə yer yoxdur, bu Lerikdədir. Ona görə Babək talışdır.
Mən yazdım ki, Babəkin bəlli yöntəmi var, Babəkin bəlli dünyabaxışı var, Babəkin bəlli yörəsi var, Babəkin bəlli hədəfləri var. Babəkin bəlli dünyagörüşü var. Bunlar hamısı türkdür, türkdən gəlib. Sən nəyin üzərində vurğu edirsən?
Baxın, sorun hardadır. Babək özünün dünyabaxışındakı ucalıqları ilə özünün döyüşdüyü hədəflərinin gözəllikləri ilə, qədim türk kimliyindən götürdüyü dəyərlərlə, yön verdiyi anlamlarla xalqımızın həyat tərzində olardısa, ona qıraqdan heç kim iddia etməzdi. Heç kim deməzdi ki, filan mənimdir. Bütün bunların hamısı Asif Atada bir yiyəlik duyğusu yaratdı və o, anladı ki, xalqın özünüqoruma sistemini Yeni Dünyabaxışla yaratmaq olar. O dünyabaxış ki, bütün qədimlikləri öz içində saxlayır. Hamısının gözəlliklərini, ucalıqlarını içinə alır. Ondan daha yüksək, daha gözəl yol və yön yaradır, onu xalqına sunur və deyir ki, sənin özünü tapmağının əsasında bu durur. Bunun əsasında sən yön tapa bilərsən. Onda hər yana dağılmazsan. Bu gün sənin ağzını bir yerə yığmaq olmur. Fərqli mədəniyyətlər daşıyıcısına çevrilmisən. Fərqli baxışlar daşıyıcısına çevrilmisən. Fərqli baxışlarla bir-birinin üzərinə gəlirsən, döyüşürsən bir-birinlə. Bu, siyasətdə də belədir, ruhaniyyatda da belədir. Şiə olursan, sünnü olursan, vəhhabi olursan, nurçu olursan, xristian təriqətlərinə üz tutursan; siyasətdə liberal olursan, liberal demokrat olursan, ancaq qəti olaraq sən bilmirsən kimsən.
Heç bir millətin kimliyinə qarşı deyilik, ərəb kimliyinə qarşı deyilik, ərəb basqısına qarşıyıq. Rus kimliyinə qarşı deyilik, rus basqısına qarşıyıq. Biz bəşəri sağlam götürürük. Sağlam bəşər türk ulusumuzun sağlam əsaslar üzərində formalaşmasından keçir. Başqa cür biz ulus ola bilmirik. Min  ildir biz işğaldan-işğala yürüyürük, biz azadlıqdan-azadlığa yürümürük. Bax, bütün bunların hamısının anlamını Xəlqilik Bayramı öz içində daşıyır. Bunun üçün Asif Ata, xalqına Azərbaycanlılığın mahiyyətini ifadə edən dəyərləri sunur. Asif Ata düşündü-daşındı ki, necə edim, gözdən düşmüş Azərbaycanı qaldırım, heç kimin gözündə Azərbaycanın qiyməti yoxdur. Azərbaycan söyülür, sevilmir. Azərbaycan bir çox ulusal keyfiyyətlərini itirib. Bəs necə edim ki, Azərbaycanı sevgiyə qaldırım? Ona görə Azərbaycanı öyrəndi və dedi ki, Azərbaycan sənin tarixində, keçmişində böyük bəşəri dəyərlər yaradıb. O, ilk peyğəmbərlik olan Zərdüştçülükdən soraq verir, Dədə Qorqud var, Babəklik – Xürrəmdinlik var, Hürufilik var, Füzululik var. Yeri gəlmişkən, Asif Ata Füzuliyə fərqli yanaşır, təkcə şair kimi yanaşmır. Həm də Füzulini ilahi bir təriqət şairi kimi tanıyır. Əslində Füzulidə “Ənəlhəqq” ideyası var. İnsana yanaşmada çox yüksək baxışı var – “Heyrət, ey büt”ündə İnsan ilahiləşir. Ona görə Füzuliliyi ayrıca bir dəyər kimi qəbul edirdi. Eləcə də Muğamlığımızı, Sazlığımızı Azərbaycanımızın yenilməz, toxunulmaz mahiyyəti kimi, dəyəri kimi sistemləşdirdi və bu xalqın özünə qaytardı. Dedi ki, sənin bir araya gəlməyin üçün özül budur, qədimliyin budur. Gələcəyinə bu günündən baxma. Bu günün yoxdur. Bu gündə hər şey məhv oldu. Kimliyin məhv oldu, sıradan çıxarıldı. Geyimindən tutmuş, davranışına, adına kimi. Mədəniyyətinə kimi hər şey sıradan çıxıb. Burdan baxma qədimliyinə, bir də gələcəyinə. Gələcəyə necə baxa bilərsən – Gələcəyi yarat ağlında, düşüncəndə. Onda kimliyini biləcəksən. Asif Atanın “Xəlqilik” Bayramının əslində anlamı budur. Biz bayram edirik ki, bunlar şüurumuza, mənliyimizə qayıtsın, hakim olsun. Tərk etməsin bizim varlı­ğımızı. Hər birimizin evimizə daşınsın o dəyərlərimizin gözəlliyi. Evlərimizə daşınsın, balalarımızın ruhuna hakim olsun! Onda biz gələcəyə yön tapa biləcəyik.
Mənim bayramla bağlı deyəcəyim fikirlər bundan ibarətdir.

Atamız Var olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

IMG_0254

Günev Atalı (Ataya səcdə ilə sözünə başladı – Ü.A.): Ocaqla ardıcıl təmasda olan aydınlarımız yaxşı bilir bu günün mahiyyəti ilə bağlı. Yeni qonaqlarımız, gənclərimiz üçün bayram haqda bir neçə giriş söz deyim: Asif Atanın Mütləqə İnam Ocağı Şölə Ayının 13-ü, Arzu Günü, 38-ci ildə Qutsal “Xəlqilik” Bayramını həyata keçirir. Bu, Asif Ata Ocağının təsdiq elədiyi, ardıcıl həyata keçirdiyi 4 bayramdan biridir – “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik”. İnsanilikdən başlayıb bəşəri ləyaqətə aparan bir yol.
Soylu qardaşımızın yanğısı mənim içimə elə bir köz saldı ki, mən heyrətə gəlirəm. 300 milyonluq türk toplumları hərəsi üzünü bir yana tutub. Bu gün 300 milyonun içindən bu insanlar buraya gəlib. Bu, Asif Atanın hünəridir. Bir adamın dönüşü, bir adamın yönünü həqiqətə doğru dəyişməsi çox böyük işdir. Dəyər bir fərdin ömründə yaranır, o bütün ömrünü onunla yaşayır, yavaş-yavaş xalqlaşır. Bu gün barmaq sayda adamlar Asif Atadan tutdular, dərk elədilər onu. Asif Atanın dediyini götürə bildilər və gedirlər bu yolu.
Mən bu gənclərin bura gəlişinə çox sevinirəm. Niyə? – Çünkü görürəm dünya nə gündədir. Dünyanın bu günündə insanlarımız xalqsızlaşıbdır. Niyə xalqsızlaşıb. Çünkü milli dəyər əsasında yaşamır, yabançı dünyabaxışlara yüyürür. İndi çöküş dövrüdür. Qloballaşma – hər şeyin – dəyərlərin məhvi, qutsallığın məhvi, əxlaqın məhvi demək olub. Səni özgələşdirir.
1945-ci ildə Vaşinqtonda Alen Dallen adlı birisi bir layihə hazırlayır, soyuq müharibə. Hər hansı bir xalqı istismar eləmək istəyirsənsə, müstəmləkənə çevirmək istəyirsənsə, onun dəyərlərini əlindən al, ayaqlarını yerdən üz. O xalqı istədiyin səmtə yönəldə bilərsən. Özünə qarşı çevirə bilərsən.
Bu gün içində milli-insani yanğı hiss edən insanlara ehtiyacımız var. Dünanın Əzəli, Əbədi, Sonsuz, Kamil mahiyyətinə inanan, bu həqiqəti dərk edən kamil insan ola bilər. Müstəqil vətən, Xəlqi birlik, Özümlü Şərq və Ləyaqətli Bəşər. Bu ideyalardan keçməyən bireydən kamil insan ola bilməz. Kamil xalq ola bilməz və kamil bəşəri birliyə qovuşa bilməz. Asif Ata bu yolu yaratdı və öz ardıcıllarına bu yolu öyrətdi. Asif Ata bəşərin pozulmuş nizamını gördü və onu öz yanğısına, öz dərdinə çevirdi. Öz yanğısına əlac axtaran hər birey, əgər bəşərin dərdini öz dərdi hesab eləsə, yola çıxacaq.
Sizin hər birinizi Xəlqilik bayramı münasibətilə qutlayıram.

Atamız Var olsun!

Soylu Atalı: Əzizə xanım “Qəhrəmani” havası üstə ürək sözlərini desin.

IMG_0277

Əzizə Ağahüseynqızı: Bugünkü məclis bir az fərqlidir. Mən  hamını qutlayıram, həm də məclisimizdə Türkiyədən gəlmiş Yasəmin xanımı salamlayıram, onun da bugünkü bayramı qutlu olsun deyirəm. Həmişə belə, bir araya gəlməyi arzulayıram.

(Əzizə xanım saz səsi altında şeirlərindən oxudu – Ü.A.)

Soylu Atalı: İndi Ağşın bəyin bayram üstə sözünü dinləyək.

IMG_0292

Ağşın Ağkəmərli: Mən də təşəkkür edirəm. Burda gənclərin olmasına çox sevinirəm, bu özü də bir bayramdır. Xəlqilik özü qutsal bir bayramdır. Burda gedən söhbətlərin heç biri bizə yad deyil. Burda olan amillərin sonucunda biz özümüzə gəlməliyik, birliyimizə gəlməliyik. Birliyimizə gəlmək üçün, harda yaşadığımızdan asılı olmayaraq, təmizlik işləri aparmalıyıq. Bayaq burda söhbətimiz elə-belə getsə də, söhbətimizdə çox önəmli məqamlar var idi. O önəmli məqamlardan bu günə qədər biz çox güzəştlərə getdik, özümüzü unutmaq şərti ilə, danmaq şərti ilə.
Bayaq Soylu bəy bir yaxşı sözü vurğuladı ki, özümüzə dəyər vermədiyimizə görə Zərdüştü kürdlər özlərinə çıxırlar. Mən o gün internətdə görürəm, bu kürdlərin apardığı siyasətdir. Deyirlər ki, Zobeydə xatun Təbrizə gəlib, havası soyuq olduğu üçün qızdırması olubdur, Təbrizin adını bununla bağlayırlar. Bəs Zobeydə ora gəlməzdən qabaq onun adı nə olub? Bəs ora gəlib niyə farsca ad qoyub, qoyardı ərəbcə. Biz də üfürə-üfürə gedirik. Bizi içimizdən dağıdırlar, ruhumuzu danırlar, bu danmaq bizim qanımıza işləyib, “humanistliyimiz” bizi bu günə qoyub. Özgəsevərliyimiz bizi bu günə qoyub.
Mən hər dəfə Ocaqla görüşəndə çox fərəhlənirəm. Burda gənc dostları görəndə ayrıca sevinirəm. Bu gün deyərdim, bu çardaqda, bizim türk birliyimiz yerləşir. Bu günləri mənim üçün çox önəmli olan bir məqamdır. Güneydən bir-iki adam burda, quzeydən bir-iki adam Təbrizimizdə olsun. Biz də burdan ora gedək. Həyat bizi ayrıları ilə fərqləndirən düşüncədir.
Sən dilini, kimliyini düşünməyəcəksənsə manqurtlaşa-manqurtlaşa gedəcəyik.
Mən belə fikirləşirəm ki, gərək dayanaq, ruhumuzu təslim eləməyək. Biz gedirik, ötürürük bu gənclərə, bu qızlara, oğlanlara. Biz beynimizi bunlara köçürməliyik. Bizim babalarımız səhvlərə yol verib, böyük işlər də görüblər. Şah İsmayılın bir ifadəsi vardı, deyir mən elədiyim səhvləri eləməyin, mən eləmədiyim və yaxşı bildiyiniz, gözəl bildiklərinizi məndən götürün və davam edin. Yolu bu günləri bura kimi gətiriblər, biz də tamamlamalıyıq.
Dinlədiyinizə görə çox sağ olun.

Soylu Atalı: Ağşın bəyin dediyində bir həqiqət var. Milliləşməyimiz üçün dilimizdən başlayaraq millət arınmağa doğru getməlidir.
Təşəkkür edirəm, bu fikirlərin ağrıları bayram ovqatımıza yeriməsin deyə Qəzənfər bəyi dəvət edirəm, Şəhriyarın sazı ilə sözünü desin.

IMG_0330

.Qəzənfər bəy: Hamınızı qutlayıram, bir arada olmaq çox gözəldir. Yasəmən xanım xoş gəlibsiniz, siz bizim ürəyimizdəsiniz.

Səhərin dumanı çəkilb döşdə,
Dağlar qulağına söz pıçıldayır,
Dayanıb yanında doğan günəş də,
Dağlar qulağına söz pıçıldayır.

Toxundum Nərgizin incə boynuna,
Düşdüm bənövşənin olmaz oynuna,
Qısqanc qaymaq kimi girib qoynuma,
Dağlar qulağıma söz pıçıldayır.

Gördüm naz alıblar qızdan-gəlindən,
Öpdüm çiçəyindən, öpdüm gülündən,
Gəzdiyim cığırlar tutub əlindən,
Dağlar qulağına söz pıçıldayır,
Hər nə pıçıldayır, düz pıçıldayır.

Soylu Atalı: Saz sevinc gətirir halımıza, sözü musiqi davam edir. Söz mənadan gəlir və öz çalarlarında gəlişib bizim ürəyimizi yüksəkliklərə çatdırır. İnsanın deyilənlərə necə də böyük ehtiyacı var. İnsanın nə yaxşı bunlara ehtiyacı oldu, nə yaxşı ki, məişətə qapılmadı, nə yaxşı ki, insan heyvandan ayrıldı. Bu bizim xoşbəxtliyimizdir.
İnsan bəzən o qədər arzularla dolur, arzular tükənmir. Arzuların tükənməzliyi nədə özünü göstərir? İnsanlar çox vaxt öz anlamına uyğun yaşamadığına görə arzuları bütünlüklə məişətə bağlı olur. Ancaq kim  böyük olur, kim dahi olur, kim şair olur? O tükənməyən arzularını böyük mənəvi sevgilərə verən. O arzular bütövlükdə xalqın yolunu çızır. Bütün bunların hamısı bizim hər birimizi indiki çağda, həyatın bu amansız gedişində düşüncə qarşısında qoyur. Təəssüf ki, insanlar əsasən yaşamaq uğrunda, həyat uğrunda, doğrudan da, çarpışır. Belə bir çağda bir araya gələrək ürəyindən ağır yükləri, basqı yaradan yükləri boşaltmaq üçün, özü olmaq üçün sözə üz tutur. Öz ürəyinin istəklərini doğmaları ilə, soydaşları ilə bölüşür. Soydaşlarla bölüşmək, sevinmək, məişət dərdini qırağa qoymaq, soydaşlarına doğma olmaq. Soydaşlarınla bir kökdən, bir mahiyyətdən gəldiyinin fərqinə varmaq və onu dərk eləmək xoşbəxtlikdir. Ona görə sizin hər birinizin duyğularına sayğı duyuram və sevgi sunuram. İndi isə bayram üstə sözünü aydın dostumuz Asif bəy söyləsin.

IMG_0336

Asif Ozan: Təşəkkür edirəm, çox sağ olun. Bizi bura toplayan bayram ovqatıdır, Ocağın bayramıdır. İlk növbədə Ocaqçıları təbrik edirəm. Ocaqçıları bu bayram münasibəti ilə, bayramı öz ruhuna doğma sayıb bura gələn hər kəsi salamlayıram. Təbii ki, qonular çoxdur, burda o qədər qonulara toxunub onların hamısını bir çıxışda əhatə eləmək çətindir. Ondan əlavə, bizə bir çətinlik yaradırsınız, gözəl bir şeir deyib: “əlim səndən, üzüm səndən danışır”, biri bahardan danışır, bu tərəfdən Qaraçı havası. Bu ovqatdan sözə qayıtmaq çətindir. Çünkü onlar artıq bizim ruhumuzla danışır. Ancaq ruhu yenidən dilə çevirmək bir az çətindir. Ona görə gərək biz sazdan qabaq danışaq və saz danışsın. Bunun özü əslində gözəldir, dəyərli Ocaqçı arkadaşlarımız.
Mən baxdım ki, biz burda danışanda ortaq türk dili yaradırıq, ortaq elementlərdən istifadə edirik. Mən belə düşünürəm ki, əslində tarix hər bir nəslin qarşısında mahiyyətcə qutsal, məzmunca milli olan missiya, vəzifə qoyur. Ancaq heç də hər bir millətin yaşayan nəsli bu missiyanı və onun qutsallığını adi şəkildə dərk eləmir. Bunu yalnız həmin millətin bir qismi çox az bir hissəsi, bu missiyanı, bu tarixi mahiyyəti dərk edərək meydana çıxır. Bir növ onların meydana çıxması tədricən milliləşdirir. Necə ki, nüvə ətrafina, orbitinə elektronları və digər hissəcikləri toplayıb sonucda böyük bir cisim alır, necə ki, Günəş olmasaydı onun ətrafında da başqa planetlər olmazdı. Yəqin ki, nəhəng və qutsal ideyalar olmasaydı, bir milləti ətrafinda cəmləyən, vəhdət yaradan güc və qüvvə də olmazdı. Mən belə düşünürəm ki, Azərbaycan reallığında bu missiyanı yerinə yetirən ideyalardan birincisi Ocaqçılıq təlimidir, Mütləqə İnam Dünyagörüşüdür. Bu gün onun daşıyıcıları həmin tarixi missiyanı çiynində daşıyır. Bu yetərincə ağır, çətin, ancaq şərəfli vəzifədir. Ancaq bizim millətin xoşbəxtliyidir ki, bu gün azından kürəsəlləşən dünyada yad və yabançı ideyaların və düşüncələrin, stereotiplərin, müxtəlif təfəkkür modellərinin Azərbaycana həmlə elədiyi bir məqamda onun qarşısında dura biləcək bir milli cəbhə də olmalıdır. Mən həmişə vurğu edirəm ki, milli cəbhə bu gün əslində  Ocağın simasında, Asif Atanın arzularının simasında daha qüvvətli görünür. Mənim də bir aydın olaraq onların sırasında olmağım, yanında olmağım elə onu dərk eləməyimdən irəli gəlir. Mən bu yolda sizə uğurlar arzulayıram.
Sevindirici bir haldır ki, bu gün Azərbaycanda milli özünü dərk prosesi gedir.
Mən Asif Atanı 20-ci yüzilin 60-cı illərində ədəbiyyatda filoloji sferada milli özünüdərk tendensiyasının məntiqi bir davamı kimi qəbul edirəm. Ona görə ki, keçən əsrin 60-cı illərində Azərbaycanda növbəti bir aşama başladı. Onun başında dayananlar C.Cabbarlı və s. Bilirik ki, 30-cu illərdən başlayaraq bu depressiya ilə davam elədi və son qoydu. 60-cı illərdə bu tendensiya yenidən baş qaldırdı və bizim bir çox aydınlarımız daha çox milli özünüdərk prosesinə yeni bir start verdi. Bunun məntiqi sonucu olaraq artıq 70-ci illərdə Asif Ata meydana çıxdı və Asif Ata Milli özünüdərk prosesinə yeni bir forma verdi. Onun sonucudur ki, onun milli özünüdərkə gətirdiyi yeni forma, yeni şəkil bax bu gün Ocaqçıların simasında nəinki davam edir, auditoriya get-gedə böyüyür. Deməli, bu forma daha da milli olduğuna görə, o yaşamaq çağını bu gün saxlayır. Bu gün Ocağın yörəsində toplaşan, o ideyaları bölüşdürən milli özünüdərkdə iştirak edən hər kəsə bildirirəm ki, xalqımızın 21-ci yüzildə milli kimlik şüuru uğurunda apardığı mübarizənin əsgərləridir.
Mən burda gəncləri görüb sevinirəm, nə yaxşı ki, bizim gənclərimiz bu gün zəruri olan, aktual olan söhbətlərdə, polemikalarda iştirak edirlər.
Mən bayaq söhbətimin birində qeyd elədim ki, Ekzuperinin bir sözü var: “Ey Fransızlar, o çirkab içində eşələnən sısqa və çəlimsiz fransız körpəsinə həqarətlə baxmayın. Bəlkə də onun simasında Fransanı növbəti fəlakətdən xilas edəcək bir Napaleon yetişir”. Mən hər bir gəncimizə Azərbaycanı gələcək uğurlara aparan bir sərkərdə kimi baxıram. Ona görə sizin bura gəlməyiniz çox önəmlidir, dəyərlidir. Asif Ata yaratdığı  Mütləqə İnam təlimi bizim milli dəyərlərimizin, milli prinsiplərimizin üzərində dayanır. Mən əminəm ki, siz bir gənc olaraq milli müstəvidə çox şey qazanacaqsınız. Mən, Soylu bəy, sizə və sizin yörənizdə olan bütün Ocaqçılara uğur diləyirəm, bayramınız bir daha qutlu olsun!

Soylu Atalı: İndi isə Türkiyəli aydınımız Yasəmən xanım öz fikirlərini bölüşsün.

IMG_0352

Yasəmən xanım: Hepinizi bütün duyğu və kalbimle selamliyorum. Beni Üstün hanım bu Ocaqla tanış etdi, belki de içimdə var olanı uyandırdı, çünkü ne hissinize, ne de hissiyatınıza uzağım, ən az sizin kadar yakınım. Türkiyeden olduğum üçün farklı bir duyğu deyil, aynı duyğular, aynı fikirlərdir. Sizin Azerbaycana göre devlet naziri deyirsiniz, baş bakanlığın özel kalem müdürlüyünü yapdım, enerji nazirinin devlet kalem müdürlüyünü yapdım, meclis ali başqanının özel kalem müdürlüyünü yapdım, hər nə kadar devlətdə çalışdımsa da özümde sanat, özümde edebiyyat, özümde birleşmek var. Yani bu ne demək, Türk Dünyası sevdalısı olduğum üçün adım-adım hər getdiyim yerlərdə gönlümdəkini yaşamaq için yola çıxdım. Geldiyimdə Üstün hanımla bir toplantıda tanışdım və Ocağımızda düşdüm deyim, Ocağımızda olqunlaşmağa başladım. Sonra Soylu bəylə tanış olduq, iyi ki, tanış olmuşuq, heç peşiman deyilim. Aranızda olmaqdan onur duyuyorum, çünkü mən bu ölkənin minlərcə kızılbaşlı yetişdirdiyini, bunların da birer kızılbaş olduğunu düşünüyorum. Hepsinin ayrı bir dünya, ayrı bir gözellik daşıyacağına inanıyorum. Bu ölkeye böyük hizmetlərinin olacağına inanıyo­rum. Benim Ankaradakı hedef kitlem də gənc ve genclik. Orda yapmış olduğum kültür sanat etkinliklərində də daha çox orta yaşın altındakı kısıma yakınlamağa çalışıyorum. Çünkü neden, zaten bizimkilerin duyğu və düşünceleri oturmuş, onlara bir şey verməkdən ziyade, onlarla bir şey paylaşmaq  hemhale olmak demek. Ancak burda kardeşlerimizle beraber olmak demək – hemhalin üstünde olmaq deməkdir. Burdakı kimi Türkiyede də Türk Aydınlar Ocağı var. Asif Atanın kurduğu bu Ocağa, milli birlik, milli beraberlik aşılayan Ocağa bizdekiler çok yakındır. Buna benzerliklər var, ancaq burda görmek bir ayrıcalıq, bu söhbetlerden sonra genc neslin böyle bir Ocağa sevdalı olması, onları bu şekilde görmek beni ayrıca keyflendirdi açıkcası, çox mutlu etdi. Sizin kimi aydınlarımızın da onlarla bir olması onurverici. Türk halkları birliklerine ehtiyac var. Bura geldiyimden beri gözüme takılan bir söz var: “İnsanlaşın, İnsanlaşdırın!”  Bu günkü konunun da özülü zaten, halkı bir-birinə yaklaşdıran insan ola bilmek, bireyin kendini bile bilməsi ile, bile bilmek nə demek, özünə inməsi demek, özünə indiyinde zaten insan kendini buluyor. Ben kim idim zaten sorğuluyor, ben nerden geldim, ne olacağım deyə sorğuluyor, kayğılarını, sevgilerini, birlikdeliklərini sorğuluyor. Onun için də iyi ki bu bayram var, fazlası ilə olsun, biz də hep burda olalım. Çok teşekkür ederim bana söz verdiyiniz için.

IMG_0378

(Yasemin xanım saz sədaları altında seir oxuyur – Ü. A.)

Aşk kuşun kanadında.
Bir kuşun kanadındadır hayat,
Bazen yüksəkliklərə uçurur,
Bazen yerlərə düşürür.
Bazan da su gibi akıcı,
Bazan da süründürür.
Ta içini uzaqklara kaçırır,
Bazan da hayat bir anda durur.
Öldüyünü, düşlərinin bitdiyini görürsün.
O anda hər şey son bulur.
İşte bir yerdə yaşam durur,
Hayatın davamı da budur,
Yolun sonudur,
Önəmli olan  insan ola bilmək bu kalbimdedir.

IMG_0383

IMG_0391

Aşıq Şəhriyar sazda ifa edir.

Soylu Atalı: Sazdan sonra qonuya qayıdaq və Babək bəyi dinləyək.

IMG_0405

Babək bəy: Hamınızı salamlayıram, Asif Ata Ocağını salamlayıram. Asif Ata mənə o qədər doğmadır ki, hər dəfə siz çağıranda dəstək olmağa çalışıram. Bu gün Soylu Atalının qaldırdığı milli kimlik barəsində bir neçə kəlmə demək istəyirəm. 20-ci yüzildən başlayaraq, milli kimliklərimiz tapdaq altına düşüb, mən şəxsən babamın pasportunda kimliyinin türk yazıldığını öz gözümlə görmüşəm, sonra Stalin və ermənilərin göstərişi ilə həmin o kimlik Azərbaycanlı kimliyi ilə əvəz olundu ki, indi biz onu daşıyırıq. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bizim çatışmayan cəhətimiz özümüzə türk deməməyimizdir. Halbuki başqa millətlər bizə türk deyirlər, biz özümüz demirik. Mənə elə gəlir ən aktual problemimizdir, yuxarıda oturanlar əvvəl-axır türk kimliyini qəbul edəcəklər.
Mən Asif Atanın tələbəsi olmuşam, onun həmin vaxtları 537-ci auditoriyada  dediyi mühazirələrdə dəfələrlə iştirak eləmişəm. Onun dediklərini mən bir öyrənci kimi başa düşməsəm də, ora o qədər öyrənci yığılırdı ki, pilləkənlərdə auditoriyanın qarşısı bütünlüklə dolu olurdu. Mən indi dərk edirəm ki, nəyə görə Asif Atanın yörəsinə toplaşırdılar. Asif Atanın varlığında bir türkçülük gəlişməsi var idi, bu gün bu ənənəni Soylu Atalı Amaldaşları ilə davam etdirir. Mən də təpədən-dırnağa qədər türkçü olduğuma görə həmişə sizi dəstəkləyirəm. Yazıların çoxunu oxuyuram. Orda qaldırılan məsələlər o qədər aktualdır ki, çağ gələcək, 5 ildən, 10 ildən sonra həmən problemlər öz həllini tapacaq. Mən yenə də sizin bayramınızı təbrik edirəm. Dəvət üçün təşəkkür edirəm, var olun.

 Soylu Atalı: Babək bəy eyni zamanda saytlar işlədir, o saytlarda da çağaşırı Ocaq yazılarını yayımlamaqla məşğuldur.
İndi isə Hüsniyyə xanımın nəğməsini dinləmək istərdik.

 Hüsniyyə xanım: İnsanlığı öyrənək və öyrədək, bizim də bura gəlişimiz özümüz üçün bir qürurdur.

IMG_0429

 Hüsniyyə xanım sazın müşayiətiylə muğam oxuyur.

 Mübariz bəy: Mən qısaca olaraq Asif Ata Ocağının bayramını təbrik edirəm. Asif Ata Azərbaycan xalqının önəmli şəxsiyyətidir. O, mübarizəsi ilə, qəhrəmanlığı ilə xalqımızın yaddaşındadır. Biz tariximizə, keçmişimizə baxanda görürük ki, siyasətçilərimizin çoxu bunu əslində öz həyatlarında tətbiq eləməyiblər. Bizə yaxşı örnək qoya bilməyiblər, ona görə də onları hansısa başqa adamlar, xalqlar asanlıqla ləkələyə bilirlər. Ancaq Asif Ata haqqında bunu eləmək mümkün deyil. Asif Ata həm öz ideyası ilə, həm öz yaşamı ilə əslində kim olduğunu ortaya qoyubdur. Sizlər çox sağ olun, xüsusilə Ocaqda olan xanımlar bu gün mübariz örnək göstərirlər. Həyatın keçici qayğılarını yaxına buraxmayaraq bu işlə məşğuldurlar. Bu gün gənclər də burdadır, bu özü də bir yenilikdir. Bayaq Babək bəy dedi Asif Atanın tələbəsi olub, onun məruzələrində iştirakçı olub. Ancaq bizim bəxtimiz uyğun gəlmədi ki, o şəxsiyyəti görə bilək. Ancaq Soylu bəy sizi, Günev bəy sizi, gənclərimiz görəcəklər, eşidəcəklər.
Çoxsaylı xalqçılar yaşayıblar, ancaq onlar heç vaxt öz gələnəklərini qorumayıblar. Yaxşı olar ki, hər millətin nümayəndəsi dəvət olunsun, bu gənclər kimi onlar da tanış olsunlar. Bu Yol onların məhvinə aparmır, xilasına aparır. Mən sizin hamınıza uğurlar diləyirəm. Təbriklər.

IMG_0451

Soylu Atalı: Deyim ki, Mübariz bəyin dediyi fikirlər tamamilə doğrudur, – başqa etnik nümayəndələrimizin bura qatılması. Onu sizə deyim ki, Asif Atanın yörəsində zaman-zaman ayrı-ayrı etniklərin nümayəndələri olub. Sadəcə olaraq, indi onlar Ocaqda deyillər. Bu gün də Ocaqsevərlər var onların içindən çağaşırı gələnlər olur. Bu gün burda Ocaqçılardan da olmayanlar var, iş günüdür-filandır, hamını cəlb eləmək olmur. Başqa etniklərdən mənə yaxın adamlar var ki, bura gələ bilməsələr də, onlarla mən bağlantı qururam, çox böyük sevgiləri, sayğıları var yola, əqidəyə. Əlbəttə, bu yol ulusal olduğu dərəcədə bəşəridir. Biz heç bir xalqa qarşı deyilik. Belə dəyər başqa xalqlara qarşı yönələ bilməz, çünkü insan insandır. “İnsanlaşın – insanlaşdırın” təkcə türk xalqı üçün deyil, bu baxımdan razıyam, qəbul edirəm.

IMG_0468

Nurtəkin  Atalı  (Ataya səcdə edib bayrağı öpür – Ü.A.):

Xalqların bağımsızlığı bəşərin birliyinin təsdiqidir.
Tarixdən də bəllidir ki, hər zaman bir xalq, ya dövlət başqa xalqı, ya dövləti asılı etməyə çalışıb. Özündən asılı edərsə, güclənəcəyini düşünüb. Dinlərin də tarixində bu var. Nə qədər çox yayılarsa, zorla tabe edərsə, dünyanı düzəldəcəklərini düşünüblər. Siyasal imperiyasını da quran olub, din imperiyasını da. Sonuc göz önündədir. Savaşlar, qan-qadalar, fəlakətlər dünyadan əskilmir. Min savaş bir insanın ağrısına, göz yaşına dəyməz. Atılan addımlar insanlıq üçündürmü, ya öz ağalığını təsdiq etmək üçünmü? Bəzən heç savaş da olmur. Tərəqqi, gəlişmə, mədəniyyət adıyla xalqı özgələşdirməyə girişirlər. Fəlakət üzdən görünmür, ancaq gələcək təhlükə qarşısındadır.
Hər bir xalqın dəyəri var. Bu dəyərlər xalqın idrakının, mənəviyyatının, iradəsinin göstəricisidir. Bu dəyərlər xalqın bənzərsizliyini, bağımsızlığını sunur. Bizim bir xalq olaraq bənzərsizliyimizi dəyərlərimiz göstərə bilər – Asif Atanın “Azərbaycanımız – Azərbacyanlığımız” dəyərlər sistemində. Bu gün bir xalq olaraq gələnəklərimiz – toy və yas quralımız özgəninki. Dilimizə özgə dillər qarışıb. Milli bayramımız din bayramları arasında itib-batıb. Həyata, dünyaya baxışımızı ya dinsəl, ya da kürəsəl ölçülər müəyyən edir. Bunlar göstərir ki, biz uçurumun qarşısındayıq. Fiziksəl olaraq davam edə bilərik, ancaq ruhumuzun işğalı bizi bir xalq olaraq təhlükə qarşısında qoyur.
Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışı xalqımızı, xalqları bu təhlükədən qoruyur. Xalq bireylərdən qurulur. Özümlü, Mütləq İnamlı, İdraklı, Mənəviyyatlı, İradəli bireylərdən qurulan xalqın yoxolma təhlükəsi aradan qalxar. Özümlü, bağımsız gələnəklərin yaranması – xalqın sabahının qurulmasıdır.
Dilinin arınması, qorunması – xalqın sabahının qorunmasıdır.
Mədəniyyətinin özümləşməsi – xalqın sabahının qurulmasıdır.
Diplomatiyasını yaratması – xalqın öz taleyini əlinə alması deməkdir.
Özümləşmək – dünyada öz yerini bəlirləmək, öz taleyinin yiyəsi olmaq deməkdir.
Özgədən alınan gələnək – özgəliyə qulluq edir.
Özgədən alınan ideya özgələşdirir.
Özümləşən – milliləşir, bəşərləşir.
Bəşərin anlamı da müxtəliflik, zənginlikdir. Bir dilli, bir mədəniyyətli bəşər – xalqların ölümü deməkdir. Bu açıdan bağımsız, özünəxas millətlərin yaranması – bəşərin birliyinin təsdiqidir.

Yasemin xanım: bir daha təkrarlarmısınız o cümləni?

 Nurtəkin Atalı: Bəşərin anlamı da müxtəliflik, zənginlikdir, bir dilli, bir mədəniyyətli bəşər –  xalqların ölümü deməkdir.

 Yasemin xanım: Ölümü nə demək?

 Nurtəkin Atalı: Yəni məhvi deməkdir. Bu açıdan bağımsız özünəxas millətlərin yaranması bəşərin birliyinin təsdiqidir.

IMG_0333

 Soylu Atalı: Yasəmən xanım, o Asif Ata ideyasından irəli gələn fikirdir ki, bəşər əslində müxtəliflərin birliyidir. Millətlərin eyniləşməsi, eyni mədəniyyətə qapılması, eyni gələnəklər daşıması – xalqların ölümü deməkdir. Yəni heç bir xalq başqa xalqın kölgəsi ola bilməz. Heç bir xalq başqa xalqı yamsılaya bilməz. Hər bir xalqın özünə xaslığı var. Özünə xaslıq olmayan yerdə bəşər məhvə məhkumdur. Ona görə də ideya budur ki, dünyada gedən proseslər daim xalqları öz dəyərlərindən uzaqlaşdırmağa meyil edir. Mənim belə bir yazılarım getmişdi ki, bu çağa qədər milləti sıradan çıxarmaq üçün üç ideya olub. Ümmətçilik ideyası, kommunizm ideyası və kürəsəlləşmə ideyası. Bunlar xalqların kimliyini ləğv eləməyə girişib. Hətta kommunizmdə belə bir şey var ki, millət kapitalizmin məhsuludur. Kapitalizmin tələbindən yaranıb ortaya çıxıb. Yəni kapitalizm aradan gedəndə millət də aradan gedəcək. Asif Ata anlamlı şəkildə buna qarşı çıxır ki, millətin aradan getməsi mümkün deyil, millət əbədi prosesdir. Çünkü millət bireylərdən əmələ gəlir. Bireylərin özünə xaslığı olduğu kimi, xalqların da özünə xaslığı var, onu heç kim sıradan çıxara bilməz, çıxarmağa haqq etməz.

IMG_0471

Üstün Atalı (Ataya səcdə edərək Bayrağı öpür): Hər birinizin bayramı qutlu olsun! Bayram bizə gərəkdir, çünkü bu gün Azərbaycanda Asif Ata Ocağından başqa bizi özümüzə qaytaran, bizi özümüzə bağlayan ikinci bir Ocaq yoxdur. Hər bir addım, musiqidən tutmuş geyimləri, danışıq tərzi, davranışlar bizi özümüzə yadlaşdırmağa, dəyişdirməyə, bilərəkdən və ya bilməyərəkdən, başqalaşdırmağa yönəlir. Asif Ata Ocağı bayramlarını keçirməklə bizi öz kökümüzə bağlanmağa, milli dəyərlərimizə qiymət verməyə, öyrənməyə çağırır. Bizim yönümüz budur, biz istəyirik ki, elə bireylər yetişsin ki, dünən Babəkimiz buğum-buğum doğrananda səsini çıxartmağa cürət eləməyən oğullardan üstün olsun. Dünən Nəsiminin dərisi soyulanda, onun dərisini soyanlara “dur” deməyi bacarmayan bireylərdən üstün bireylər yetişdirməkdir yönümüz. Dədə Qorqudu müsəlmanlaşdıranlara “dur” deyə bilən bireylər yetişdirməkdir məqsədimiz. Asif Ata bu yöndən Xəlqilik ideyası verdi.

Atamız var olsun!

IMG_0478

İlham bəy: Mən burdakı insanların hamısını görməyə çox şadam, çünkü Asif Ata Ocağının yörəsinə Ocaqçı olmayıb gəlirsə, demək olar ki, Ocağa sayğısı var. Ocağın nə olduğunu bilən bilir, bilməyən də bilməyə çalışır. Burda carda yazılıb: “Ata İnamı  İnsanı insanlaşdıran, Xalqı xalqlaşdıran, bəşəri bəşərləşdirən yoldur!” Bizə belə çatdırılıb ki, hamı Adamdı. Asif Ata da deyir biz adamdan üstün insan olmalıyıq. Xalq da insandan yaranır. Biz xalqlaşmaq üçün insanlaşmalıyıq, yəni özümüzə qayıtmalıyıq.

 Soylu Atalı: Mən üzümü gənclərə tuturam, sizin sözünüz varmı?

IMG_0483

 Anar bəy: Mən öncə hamını bayram münasibəti ilə təbrik edirəm. İlk dəfə bu tədbirdə iştirak edirəm, məni çox xoş etkilədi, Türkiyədən qonağımız var, Təbrizdən qonağımız var. Bu qonaqların olması da bayram ovqatımızı daha da üstün elədi.

IMG_0497

Aşıq Şəhriyarın saz çalğısı ilə Erol və Araz şeir dedilər.

Soylu Atalı: Başqa heç kimin sözü yoxdursa, Bayramımızın mərasim hissəsini sona çatdıraq.

IMG_0506

IMG_0514

Soylu Atalı Bayram üstə “Xəlqilik” şərqisini oxudu. Günev Atalı “Xəlqilik bayramı üstə Mütləqlə təması” söylədikdən sonra Soylu Atalı Atanın hökmünü çatdırdı: “Xalqlaşın, Xalqlaşdırın!”

Hamı: “Xalqa and olsun, xalq anlamına qulluq edəcəyəm!” deyir.

Sonda Bayram süfrəsi yörəsində doğmalaşmaqla söhbətlər davam etdi.

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı 

Şölə Ayı, 38-ci il. Saray-Soylu.
(iyun, 2016.)

IMG_0178

 

IMG_0168

 

IMG_0173

 

IMG_0176

 

IMG_0183

 

IMG_0188

 

IMG_0198

 

IMG_0203

 

IMG_0209

 

IMG_0217

 

IMG_0219

 

IMG_0225

 

IMG_0222

 

IMG_0226

 

IMG_0234

 

IMG_0235

 

IMG_0237

 

IMG_0249

 

IMG_0250

 

IMG_0254

 

IMG_0267

 

IMG_0273

 

IMG_0275

 

IMG_0277

 

IMG_0280

 

IMG_0292

 

IMG_0295

 

IMG_0298

 

IMG_0296

 

IMG_0301

 

IMG_0311

 

IMG_0331

 

IMG_0330

 

IMG_0334

 

IMG_0333

 

IMG_0336

 

IMG_0341

 

IMG_0338

 

IMG_0347

 

IMG_0348

 

IMG_0356

 

IMG_0352

 

IMG_0371

 

IMG_0381

 

IMG_0383

 

IMG_0388

 

IMG_0390

 

IMG_0394

 

IMG_0391

 

IMG_0439

 

IMG_0421

 

IMG_0422

 

IMG_0429

 

IMG_0448

 

IMG_0451

 

IMG_0459

 

IMG_0468

 

IMG_0471

 

IMG_0475

 

IMG_0478

 

IMG_0479

 

IMG_0482

 

IMG_0483

 

IMG_0488

 

IMG_0493

 

IMG_0497

 

IMG_0501

 

IMG_0506

 

IMG_0507

 

IMG_0511

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview