Home / Cəmiyyət  / Azərbaycanda 5 nazir istefaya göndəriləcək – İDDİA

Azərbaycanda 5 nazir istefaya göndəriləcək – İDDİA

Prezident İlham Əliyev mütəmadi olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edir. Bəzi nazirlər istisna olmaqla, əksəriyyəti müəyyən müddət sonra vəzifədən kənarlaşdırılır, onları yeniləri əvəzləyir. Son olaraq adı bir çox cinayətlərdə hallanan milli təhlükəsizlik naziri Eldar Mahmudovla onun

Prezident İlham Əliyev mütəmadi olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edir. Bəzi nazirlər istisna olmaqla, əksəriyyəti müəyyən müddət sonra vəzifədən kənarlaşdırılır, onları yeniləri əvəzləyir.

Son olaraq adı bir çox cinayətlərdə hallanan milli təhlükəsizlik naziri Eldar Mahmudovla onun şəbəkəsi ilə əlaqəsi olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov vəzifəsini itirmişdi. Bu son olmayacaq və qarşıdakı aylarda daha bir neçə yüksək rütbəli məmur vəzifəsini itirəcək.

Hökumətdəki mənbələrdən Qaynarinfo.az-a verilən məlumata görə, vurulması gözlənilən məmurlardan biri Oqtay Şirəliyevdir. Onun işdən çıxarılmasına səbəb olacaq məqamlarla bağlı geniş məlumat vermişdik. Məlumat üçün xatırladaq ki, son dövrlər Azərbaycan səhiyyəsində “həkim terroru” tuğyan edir. Salyanda doğulan üçəmlərdən ikisinin ölümü, Bakıda diabet xəstəsi qadının salamat olan ayağının kəsməsi, 27 yaşlı qadının və uşağının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişməsi dediklərimizin sübutudur.

Hökumətə yaxın dairələrdən verilən məlumata görə, ölkədə faktiki olaraq “həkim terroru”nun tüğyan etməsi iqtidar daxilində də ciddi narazılığa səbəb olub. Narazılığın ünvanı isə səhiyyə naziri Oqtay Şirəliyevdir. Belə ki, Şirəliyevin səhiyyə üzərində nəzarəti demək olar itirdiyi, bu sistemdə rüşvət, korrupsiya və digər özbaşınalıqların at oynatdığı, belə bir şəraitdə isə səhiyyə qurbanlarının sayının getdikcə atdığı fikri artıq hakimiyyət içində xeyli insana hakimdir. Elə bu səbəbdən də yaxın vaxtlarda onun vəzifədən alınmasına dair siyasi qərarın verildiyi deyilir. Ən geci payızda Oqtay Şirəliyevin işsiz qalacağı ehtimalı xeyli yüksəkdir.

Hakimiyyətdəki mənbələrdən verilən məlumata görə, yuxarı dairələrin gözündən düşmüş digər məmur Samir Şərifovdur. Maliyyə naziri son bir ildə adı ən çox qalmaqallarda hallanıb. Beynəlxalq Bank işinə görə ittiham olunan nazir ölkədəki iki kəskin devalvasiyanın da günahkarı elan edilib. Ekspertlərin fikrincə, ölkənin maliyyə və bank sektorunun bərbad vəziyyətdə olmasının əsas səbəbkarlarından biri məhz Samir Şərifovdur.

Onun adı bir müddət əvvəl başqa bir qalmaqalda hallanmışdı. Belə ki, Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki kimi fəaliyyə göstərən Yuri Şvetsin yazdığı kitabda haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru maliyyə naziri Samir Şərifov olub. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb. Kitabda onun haqqıda bir çox məlumatlar yer alıb ki, bu informasiyalar beynəlxalq qalmaqala səbəb ola bilər.

Bütün bunlar Samir Şərifovun nüfuzuna ciddi şəkildə xələl gətirib və artıq hakimiyyətin daxilində etibarlı kadr hesab olunmur.

Oqtay Şirəliyevlə Samir Şərifov kimi etibarını itirmiş məmurlardan biri də Heydər Əsədovdur. Kənd təsərrüfatı naziri və ətrafı ilə bağlı son aylar mətbuatda çox ciddi faktlar yayımlanır. Onlar dövlətin kənd təsərüfatı üçün ayırdığı subsidiyaların mənimsənilməsindən tutmuş, bu sahəyə ayrılan kreditlərin müəyyən şəxslər tərəfindən talanmasına qədər bir çox qanunsuz əmələrdə ittiham olunur. Hakimiyyətə yaxın mənbələrin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Heydər Əsədov işdən çıxarılması ən real olan məmurlardan biridir.

Hədəfdə olan məmurlardan biri də Mikayıl Cabbarovdur. Bu gün ölkə rəhbərliyinə ünvanlanan şikayətlərin əksəriyyəti məhz təhsil sektorunun payına düşür. Ümumiyyətlə, təhsil sektorunda vəziyyət Misir Mərdanovun nazir olduğu dönəmdən daha da pisdir. Orta və ali məktəblərdə rüşvətxorluq pik həddə çatıb, qanunsuzluq baş alıb gedir. Ona görə də nazirliyin strukturunun dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Yəni təkcə kadr islahatı yox, həm də struktur islahatı gözlənilir. Bundan başqa Təhsil Nazirliyinin yüksək rütbəli məmurlarının adı “MTN çetesi” ilə əməkdaşlıqda hallanır ki, bu da çox ciddi ittihamdır. Bütün bunlar Mikayıl Cabbarovun tezliklə vəzifəsini itirəcəyini deməyə əsas verir.

Kreslosu laxlayan nazirlərdən biri də Elmar Məmmədyarovdur. Xarici işlər nazirinin “vurulması” üçün yetərincə səbəb var. Təkcə bir müddət əvvəl yaşanan diplomatların qiyamını xatırlamaq kifayətdir. Bir neçə diplomatın ölkəyə qayıtmaqdan imtina etməsi Eldar Məmmədyarovun imicinə ciddi şəkildə ziyan vurub. Bundan başqa diaspora təşkilatları ilə bağlı yaşanan qalmaqallar da XİN başçısının imicinə mənfi təsir göstərib. Dövlət başçısı qarşıdakı günlərdə Elmar Məmmədovu vəzifədən azad edərək onun yerinə daha yaxşı imicə və güclü avtoritetə sahib birini təyin edə bilər. (arqument.az)

POST TAGS:
Review overview