Home / İdman  / Avro-2016: Belçika millisi də 1/4 finala vəsiqə qazandı – YENİLƏNİB

Avro-2016: Belçika millisi də 1/4 finala vəsiqə qazandı – YENİLƏNİB

İyunun 26-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin ikinci gününün sonunda Macarıstan və Belçika milliləri üz-üzə gəlib. Bu görüşdə rəqibinə 4 cavabsız qolla qalib gələn Belçika 1/4 finala vəsiqəni təmin edib. Qollar: Alderveyreld, 10 (0:1), Miçu

İyunun 26-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin ikinci gününün sonunda Macarıstan və Belçika milliləri üz-üzə gəlib.

Bu görüşdə rəqibinə 4 cavabsız qolla qalib gələn Belçika 1/4 finala vəsiqəni təmin edib.

Qollar: Alderveyreld, 10 (0:1), Miçu Batşuayi, 78 (0:2), Eden Azar, 80 (0:3), Yannik Karrasko, 90+1 (0:4).

22:16

İyunun 26-da futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci günündə Almaniya və Slovakiya yığma komandaları qarşılaşıblar.

Lill şəhərindəki “Pyer Moro” stadionunda keçirilən matçı polşalı baş hakim Szimon Marçinak idarə edib.

Görüşdə hesab matçın 8-ci dəqiqəsində açılıb. Jerom Boatenq dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb – 1:0.

Matçın 13-cü dəqiqəsində Almaniya yığması 11 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə edib. Lakin Məsud Özilin zərbəsini qapıçı dəf edə bilib. Buna baxmayaraq, almaniyalılar matçın 43-cü dəqiqəsində Mario Qomezin qolu ilə hesab arasındakı fərqi iki topaz çatdırıblar. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Oyunun ikinci hissəsi də Almaniya yığmasının aşkar üstünlüyü şəraitində keçib. Üçqat Avropa çempionları bu üstünlüyü qarşılaşmanın 63-cü dəqiqəsində üçüncü qolla rəsmiləşdiriblər. Yulian Draksler yaxın məsafədən topu qapıya göndərib – 3:0.

Sonrakı dəqiqələrdə qapılara qol vurulmayıb və Slovakiya millisi üzərində 3:0 hesablı qələbə qazanan Almaniya yığması dörddəbir finala vəsiqəni çətinlik çəkmədən təmin edib.

Dörddəbir finalda Almaniya yığmasının rəqibi iyunun 27-də keçiriləcək İtaliya-İspaniya qarşılaşmasının qalibi olacaq.

İyunun 26-da futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci gününün ilk oyunu Fransa və İrlandiya yığma komandaları arasında keçirilib.

Lion şəhər stadionunda oynanılan görüşü italiyalı referi Nikola Rizzoli idarə edib.

Azarkeşlər oyunda erkən qolun şahidi olublar. Gözlənildiyinin əksinə olaraq, hesabı Fransa yığması deyil, İrlandiya millisi açıb. İrlandiyalıların hücumunun qarşısını kobudluqla alan fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. İtaliya ilə görüşdə vacib qolu vuraraq İrlandiya yığmasını səkkizdəbir final mərhələsinə çıxaran Robert Breydi komandasını bu dəfə də dəqiq zərbə ilə sevindirib – 1:0. Oyunun birinci hissəsi İrlandiya yığmasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, Robert Breydinin qolu Avropa çempionatları tarixində ən erkən ikinci qol olub. Qitə birincilikləri tarixində ən erkən qolu 2004-cü il iyunun 20-də Rusiya millisinin futbolçusu Dmitri Kiriçenko Yunanıstan ilə matçın 67-ci saniyəsində rəqib komandanın qapısına vurub.

Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan fransızlar matçın 58-ci dəqiqəsində istəklərinə çatıblar. Bakari Sanyanın sağ cinahdan ötürməsindən sonra Antuan Qrizman dəqiq baş zərbəsi ilə oyunda tarazlığı bərpa edib – 1:1.

Üç dəqiqə sonra fransızlar hesabda irəli çıxıblar. Adil Raminin mərkəzdən ötürməsindən sonra Oliver Jiru topu başla Qrizmana göndərərək onu zərbə mövqeyinə çıxarıb. Sonuncu isə topu soyuqqanlılıqla ram etdikdən sonra qapını dəqiq nişan alaraq dublunu rəsmiləşdirib – 2:1.

Matçın 65-ci dəqiqəsində irlandiyalılar meydanda sayca azlıqda qalıblar. Qrizmana qarşı kobud oyuna görə Şeyn Daffi qırmızı vərəqə ilə cəzalandırılıb.

Qalan dəqiqələrdə oyunda hesab dəyişməyib və qarşılaşma Fransa yığmasının qələbəsi ilə başa çatıb.

Beləliklə, İrlandiyanı 2:1 hesabı ilə məğlub edən Fransa millisi dörddəbir finala vəsiqə qazanıb. Fransızlar dörddəbir finalda İngiltərə-İslandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Print Friendly, PDF & Email
Review overview