Home / Cəmiyyət  / Firuz Kazımoğlu Bəxtiyarın ölümündən yazdı: Arif Alışanov bilmir, bilsə, kömək edəcək

Firuz Kazımoğlu Bəxtiyarın ölümündən yazdı: Arif Alışanov bilmir, bilsə, kömək edəcək

Bir az əvvəl, bu dəqiqələrdə AzTV-dən mənə zəng gəlir. Telefonu açıram və eşitdiyim xəbərdən sifətim allanır. Və deyəsən, bütün bədənimə istilik yayılır. Xəbər isə belədir: Bəxtiyar öldü. Hansı Bəxtiyar?- deyə həyəcanla soruşuram. Qəhərdən boğulan səs pıçıldayır: - Şərifzadə. Başımdakı ağrının nə

Bir az əvvəl, bu dəqiqələrdə AzTV-dən mənə zəng gəlir.
Telefonu açıram və eşitdiyim xəbərdən sifətim allanır.
Və deyəsən, bütün bədənimə istilik yayılır.
Xəbər isə belədir: Bəxtiyar öldü.
Hansı Bəxtiyar?- deyə həyəcanla soruşuram. Qəhərdən boğulan səs pıçıldayır:
– Şərifzadə.
Başımdakı ağrının nə cür yayıldığını da hiss etmirəm.
Dəhşətli ağrının içindəcə onu bir daha xatırlayıram: 1995-ci ildən başlayan birgə əməkdaşlığımızı, sonra dostluğa çevrilən münasibətimizi. Mən istəyirdim ki, verilişlərimin, filmlərimin mətnlərini Bəxtiyar oxusun. Yox, ona görə yox ki, Bəxtiyara Tanrının verdiyi səs əvəzsiz idi, daha çox ona görə ki, Bəxtiyar tamaşaçını öz ardınca apara bilirdi.
21 illik dostluğumuz beləcə başladı.
Bəxtiyar həyatdakı kimi öz mətnlərində də səmimi idi.
Son illərdə onun öz dərdi ilə təkbətək qaldığını xatırlayıram.
Onu da ürək ağrısı ilə xatırlayıram ki, evsizlik və kasıbçılığın məngənəsindəki bu insana ancaq təsəlli verə bilirdim və bu məni sıxırdı.
Başqa verməyə nəyim vardı ki…
Allah tərəfi, onu özü də bilirdi və buna görə də hansısa problemindən söz düşəndə tez də əlavə edirdi: Arif bilmir (Alışanovu nəzərdə tuturdu), bilsə, bilirəm ki, kömək edəcək.
Mən isə qımışırdım: bilmirsə, de…
Qımışmağımı ya görmür, ya da görməzliyə vururdu: Yox, e, mən deyə bilmərəm, görək, bəlkə rəhbərlik dedi (radionun rəhbərliyini nəzərdə tutur).
Və sonuncu dəfə – 3 ay əvvəl Bəxtiyarı sadəlöhv ümidi ilə beləcə baş-başa qoydum.
Mənəviyyatın deqradasiyasının heç kimi heyrətləndirmədiyi bir mühitdə Bəxtiyarın ümid etdiyi həmin rəhbərliyin Bəxtiyar üçün sədrə nəsə deyəcəyinə o elə inanırdı ki…
Arada bu “kişi-kişi”- lap o zəhrimar kinolarımızın aşılamaq istədiyi kişilər kimi danışanda da o, sadəcə olaraq uşaq səmimiyyəti ilə sadəlöhv uşaq obrazından başqa bir şey deyildi.
Yaşca məndən balaca Bəxtiyar  Azərbaycan Radiosunda 1988-ci ildən çalışırdı.
Və sözün hərfi mənasında, ölənə kimi də çalışdı.
O, radio haqqında belə deyirdi: “Radio? Radio içində həyatı boyu sevgisini yaşada – yaşada gəzdirən, heç vaxt öz sevgisini ondan əsirgəməyən bir oğlanın bir qıza məhəbbətidir”.
Lakin hər məhəbbət xoşbəxtlik gətirmir ki…
Bütün bunlar gəlir gözümün qarşısına.
Və mən Bəxtiyarın ölümünə sevinirəm.
O, ruhən göy adamıydı: sərhədlər tanımaq istəməyən və bu maddi dünyanın kələklərindən baş açmayan Bəxtiyar, bilirəm, yüz faiz əminəm ki, indi xoşbəxtdir, çox xoşbəxt…
Görüşənəcən, qardaş, deyirəm.
Sən insanlardan ünvan ala bilmədin.
Buna görə də ünvanını Tanrı verdi.
Yeni ünvanın mübarək.
Firuz Kazımoğlu
Review overview