Home / İdman  / EURO-2016: Türkiyə istədiyi 2 qolu vurdu

EURO-2016: Türkiyə istədiyi 2 qolu vurdu

İyunun 21-də futbol üzrə XV Avropa çempionatının 12-ci günündə “D” qrupunda da mübarizəyə yekun vurulub. Bordo şəhər stadionunda qrup lideri İspaniya yığması Xorvatiya millisi ilə üz-üzə gəlib. Lens şəhərindəki “Bollar Delelis” stadionunda paralel oynanılan digər qarşılaşmada

İyunun 21-də futbol üzrə XV Avropa çempionatının 12-ci günündə “D” qrupunda da mübarizəyə yekun vurulub.

Bordo şəhər stadionunda qrup lideri İspaniya yığması Xorvatiya millisi ilə üz-üzə gəlib. Lens şəhərindəki “Bollar Delelis” stadionunda paralel oynanılan digər qarşılaşmada isə Çexiya və Türkiyə milliləri qrup üçüncüsü olmaq uğrunda mübarizə aparıb.

Hər iki oyunda erkən qol qeydə alınıb.

İspaniya yığmasının matçın 7-ci dəqiqəsində sağ cinahdan başladığı hücumu Morata dəqiq tamamlayaraq, hesabı açmaqla yanaşı, “Avro-2016”da özünün üçüncü qoluna imza atıb. Xorvatiyalılar yalnız ilk hissənin sonunda – 45-ci dəqiqədə Kaliniçin qolu ilə hesabı bərabərləşdirə biliblər – 1:1. Matçın 72-ci dəqiqəsində İspaniya yığmasının kapitanı Serxio Ramosun yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini xorvatiyalı qapıçı Subaşiç dəf edib. Əvəzində xorvatiyalılar 87-ci dəqiqədə Perişçin qolu ilə oyunda qalib gələ biliblər. Beləliklə, matç Xorvatiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə Türkiyə millisi 10-cu dəqiqədə Burak Yılmazın qolu ilə hesabı açıb – 1:0. Matçın ilk hissəsi qardaş ölkə təmsilçilərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra da hücumları davam etdirən Türkiyə yığması hesab arasındakı fərqi artırıb. Oyunun 65-ci dəqiqəsində Selçukun yetirdiyi standart vəziyyətdən sonra çexiyalıların cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Mehmet Topal topu Ozan Tufana ötürüb. Sonuncu isə dəqiq və güclü zərbə ilə hesabı 2:0-a çatdırıb.

Qalan dəqiqələrdə hər iki komanda bir neçə dəfə qol vəziyyəti yaratsa da, hesab dəyişməyib və Türkiyə millisi matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, Xorvatiya yığması 7 xalla “D” qrupunu ilk sırada tamamlayıb. Aktivində 6 xal olan İspaniya isə ikinci pillədə yer alıb. Türkiyə yığması 3 xalla üçüncü, hesabında 1 xal olan Çexiya millisi isə sonuncu sırada qərarlaşıb.

Bununla da bu qrupdan Xorvatiya və İspaniya səkkizdəbir finala birbaşa yüksəlib. Türkiyə millisinin isə səkkizdəbir finala yüksəlməsi digər qruplarda keçiriləcək oyunların nəticəsindən sonra məlum olacaq. Çexiya millisi isə çempionatda mübarizəni dayandırıb.

Review overview