Home / Cəmiyyət  / Rejissordan ittiham: Bu adamın yeri sədr kreslosu yox, həbsxanadır

Rejissordan ittiham: Bu adamın yeri sədr kreslosu yox, həbsxanadır

“Bu adamın yeri sədr kreslosu yox, həbsxanadır” deyən rejissor yenə AzTV sədrini ittiham etdi. AzTV-nin müxtəlif proqramlarında rejissor kimi çalışmış, lakin əməyinə layiqincə qiymət verilməmiş, hətta ştata belə götürülməmiş, dəfələrlə haqqı tapdalanmış gənc rejissor Anar Fərəcbəyli

“Bu adamın yeri sədr kreslosu yox, həbsxanadır” deyən rejissor yenə AzTV sədrini ittiham etdi.
AzTV-nin müxtəlif proqramlarında rejissor kimi çalışmış, lakin əməyinə layiqincə qiymət verilməmiş, hətta ştata belə götürülməmiş, dəfələrlə haqqı tapdalanmış gənc rejissor Anar Fərəcbəyli bir müddət əvvəl mətbuatda qurumun sədri A.Alışanovu maliyyə pozuntularında, diskriminasiyada və harınlamaqda ittiham etmişdi.
Onun mətbuatda yayılmış yazısında deyilirdi ki, “Bu ölkədə haqq-ədalət olsa, Arif Alışanovun yeri televiziya(ların) sədri yox, … türmə olmalı idi… Bu adam maliyyə fırıldaqlarından başqa heç nəyə yaramır…”.
Anar Fərəcbəyli
Gənc rejissor AzTV-də cərəyan edən son olaylar fonunda bu mövzuya qayıdaraq feysbuk səhifəsində dünən Alışanovu yenidən kəskin tənqid edib:
“Mətbuatda oxudum ki, AzTV-nin sədri A.Alışanov fəaliyyətini tənqid etdiyi üçün Qulu Məhərrəmlini məhkəməyə verib. Belə yerdə deyiblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Qətiyyətlə deyirəm, hüquq-mühafizə orqanları bu adamın fəaliyyətini araşdırsa, işlədiyi müəssisədə hansı maxinasiyalar etdiyini, dövlət əmlakını necə talamasını üzə çıxardar.
Alışanov 7-8 ilin içində ölkənin ən zəngin adamlarından birinə çevrilib. Necə? Nə qədər məvacib alır, Alışanov? Varlandıqca da gözü insanları görmür, özünü firon hesab edir.
Mən bu statusu öz tapdanılmış hüquqlarım və mənim kimi 100-lərlə gəncin tapdanılmış hüquqlarına görə yazıram. Özümə söz vermişəm zamandan asılı olmayaraq, haqlarımı hüququ şəkildə Alışanovdan alacam… Mən 8 ilə yaxın AzTV-də rejissor işləmişəm. Dəfələrlə müraciət etməyimə baxmayaraq ştata götürmədilər.Ən maraqlı məqam isə 7 ilə yaxın gündəlik efirə gedən “Səhər” proqramında işləmişəm. Bu proqram hər gün efirə çıxdığı üçün hər gün də işdə olmuşam. Mənim kimi yüzlərlə gənc başqa redaksiyalarda illərlə işləməyinə rəğmən ştata götürülməyib. Onlarla gənc tanıyıram ki, bu ayrıseçkilikdən bezib işdən gedib.
“AzTV-də işlədiyim müddətdə mən A.Alışanovun idarəetmə üsulunun iyrənc tərəflərinin şahidi olmuşam” deyən rejissor, bu “üsulun” mahiyyətini də açır:
“Deməli, əvvəlcə müəyyən qruplar yaradır, onların arasında intiriqalar formalaşdırır, sonra da meydanı hərdən bir qrupa verir, sözgəzdirənləri, iş verənləri, yaltaqları önə çəkir”.
Belə də yaradıcılıq mühiti, iş rəqabəti qalır bir tərəfdə, adamların başı qarışır ki, bu vəziyyətdə sədrin daha çox xoşuna necə gəlsinlər?
A. Fərəcbəyli sədrin işi bilmədiyi halda yaradıcılıq işlərinə qarışması barədə də açıq işarələr verir.
Rejissor istehza ilə bildirir ki, sədr az qala “Allah” kimi qəbul olunur, o, hər şeyi hamıdan yaxşı “bilir”: redaktor işini redaktordan, rejissor işin rejissordan. Heç kim onun sözünün qarşısında söz deyə bilməz. Belə bir iyrənc mühit formalaşdırıb Alışanov.
Yaradıcı insanların çoxu qəpik-quruşa işləyir. Qonarar sistemi “hörmətli” sədrin işinə yarayıb, daha çox maxinasiya edib, daha çox qazanır.
Gələcəyə ümidini itirməyən gənc rejissor sonda qeyd edir ki, “AzTV-də müşahidə apardığım qanunsuzluqları, rüşvət piramidasıni yazsam, gərək üç saat vaxt ayırıb oxuyasız. Ancaq biz Alışanovla mütləq hüququn aliliyi təmin olunan müstəqil məhkəmədə görüşəcəyik”.
Tezadlar.az (http://www.tezadlar.az/ustm/15805-alanovun-rvt-piramidasn-yazsam.html)
Review overview