Home / Cəmiyyət  / Sevgi ruhun qidasıdır

Sevgi ruhun qidasıdır

Sevmək dünyada hər bir insanın ən çox zövq aldığı və ən çox ehtiyacı olan duyğudur. Dünyada elə bir insan yoxdur ki, sevmək və sevilmək istəməsin. İstər uşaq olsun, istər qoca, istər kişi, istər qadın, bir

Sevmək dünyada hər bir insanın ən çox zövq aldığı və ən çox ehtiyacı olan duyğudur. Dünyada elə bir insan yoxdur ki, sevmək və sevilmək istəməsin. İstər uşaq olsun, istər qoca, istər kişi, istər qadın, bir sözlə, hər kəs sevgidən təsirlənir. İnsan sevgini nəinki özü yaşamaqdan, hətta cəmiyyətdə sevgi nümunələrini digər insanlarda görməkdən də çox zövq alır. Demək olar ki, hər şey də sevgi üzərində qurulub. Sevgi bu qədər önəmli ikən ancaq cəmiyyətdə sevgisizliyin hakim olduğunu görürük. Bir çox insan sevgisizlikdən, qayğısızlıqdan, vicdansızlıqdan şikayətlənir. Dünyada bütün problemlərin həlli sevgi olduğu kimi, bütün problemlərin əsasında duran əsas problem də sevgisizlikdir.

Belə baxsaq, insanlardan “kimləri sevirsiniz”, – deyə soruşsaq, “anamı, atamı, yoldaşımı, sevgilimi və bir neçə dostumu”, – deyəcəklər. Dərinə gedib onların sevgisinə və münasibətinə baxsaq, xırda bir problemdə bir-birlərini incidirlər, güzəştə gedə, sevgi göstərə, hər hansı səhv görsələr, bağışlaya bilmirlər, tez-tez küsürlər. Bu, “çox sevilən” insanlar arasındakı münasibətdir. Ümumi cəmiyyət arasında münasibəti götürsək, necə acınacaqlı hal olduğunu görürük. Məsələn, yolun ortasında bir xanım döyülsə, insanlar sadəcə kənardan elə bil bu hadisəni teatr  tamaşası kimi izləyirlər. Tanış olduğunuz başqa nümunə verəcəyəm: Bir xanım bəzənərək rəfiqələri ilə görüşə gedir, çox az insan onun gözəl olduğunu vurğulayar, yaxud da heç vurğulamaz.

Bəs sevmək bu qədər böyük və zövqverici nemət olduğu halda, niyə belə çətindir insanlar üçün? Çünki bir çox insan sevgini bilmir və ya sevgini unudublar. Bunun da əsas səbəbi özlərini hər kəsdən çox sevmələridir. İlk sevgini onlar görsünlər, ilk salamı onlar alsınlar, hər zaman onların qayğısına qalsınlar, onların sözlərini yerinə yetirsinlər, onların nazını çəksinlər və s. Hətta cəmiyyətdə məşhur ifadə var, “sev məni, sevim səni”, “səni sevəni sev” və s. Bir çox insan heç onları sevəni də sevə bilmirlər. Çünki onlar “sevgini” bilmirlər. Məsələn, cəmiyyətdə çox geniş yayılmış haldır bu: demək olar, hər kəs sosial şəbəkələrdən istifadə edir. Əgər biri mesaj yazırsa, digəri ona gec cavab yazır, yaxud da yazmırsa, mütləq yazmayan insan haqqında mənfi fikirlər formalaşır. Yaxud da bir dəfə o yazıbsa, mütləq növbəti dəfə digər insan yazmalıdır. Hər dəfə o yazsa, qüruru sınmış olar. Bunun da səbəbi insanların sevgidə qərarlı ola bilmələri, ən xırda hadisənin onların sevgilərini dağıtmağa kifayət etməsidir.

Sevgi Allahdan ən gözəl nemətdir. İnsanın necə havaya, suya, yeməyə ehtiyacı varsa, onun kimi ruhumuzun sevgiyə ehtiyacı var. Sevgi sonsuzdur. Sevgi bir neçə insanla məhdudlaşmaz, insan gözəl olan hər şeyi – bitkilər, canlılar, insanlar, qadınlar, uşaqları Allahın təcəllisi kimi görüb sevər. İnsanın dünyəvi olaraq hər bir neməti olsa da, sevgi olmadıqdan sonra onun heç bir mənası yoxdur. İnsan sevgi ilə zövq alır. Əlbəttə ki, sevgi özbaşına formalaşmaz. Sevgi sənət əsəri kimidir. Onu qorumaq, inşa etmək üçün sənətkar olmaq lazımdır. Sevgidə qərarlı olmaq lazımdır, səbirli, fədakar, mərhəmətli, şəfqətli, bağışlayıcı olmaq lazımdır. Öz mənfəətlərindən, istəklərindən sevgi üçün keçməyi bacarmaq, sevdiyini özündən çox sevmək lazımdır. Əlbəttə ki, insana bu gücü verən də Allah sevgisidir. İnsan Allahı dərin sevəndə Allah da insana dərin sevgi nəsib edir: dərin, sarsılmaz sevgini nəsib edir.

Dəyərli qardaşlarım, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs … Allahı tanıyır.  Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir … Ey dəyərli qardaşlarım, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. (1 Yəya 4, 7-11)

«Bir-birinizə üz çevirməyin! Bir-birinizə kin saxlamayın! Bir-birinizlə dostluğunuzu kəsməyin! Ey Allahın bəndələri, qardaş olun!!!». (Hz.Məhəmməd)

Nəzakət Bədirova

Print Friendly, PDF & Email
Review overview