Home / Cəmiyyət  / Taleh Bağırovun məqsədi nə idi?

Taleh Bağırovun məqsədi nə idi?

Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun məqsədi nə olub? İndi bu sualın cavabı təkcə Nardaran ağsaqqallarını deyil, ümumilikdə Azərbaycan dindarlarını ciddi maraqlandırır. Onun keçmiş fəaliyyətinə nəzər salınsa və Azərbaycan cəmiyyətinə bir

Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun məqsədi nə olub? İndi bu sualın cavabı təkcə Nardaran ağsaqqallarını deyil, ümumilikdə Azərbaycan dindarlarını ciddi maraqlandırır.

Onun keçmiş fəaliyyətinə nəzər salınsa və Azərbaycan cəmiyyətinə bir dindar kimi nə verdiyi axtarılsa, yalnız neqativ məqamlar yada düşür.

Peşəcə iqtisadçı olan bu şəxs ən azından Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün çalışa bilərdi. O isə bunu etmədi, başqa yol seçdi, doğulub boya-başa çatdığı İsmayıllı rayonunu tərk edərək inanclı insanların çox olduğu Nardarana üz tutdu və  məqsədinə çatmaq üçün iradəcə zəif, savadsız gəncləri öz başına topladı.

İndi onun etdikləri göz qabağındadır.

Onun diqqətinə yalnız xatırlatma kimi bir şeyi çatdıraq ki, Azərbaycanın 25 illik müstəqilliyi dövründə hüquq mühafizə orqanlarının mötədil şiə dindarlarla bağlı hər hansı kəskin problemi olmamışdı. O, Qumda dini təhsil alıb qayıdandan sonra isə oldu.

Taleh Bağırov daim dindən çirkin məqsədlər üçün istifadə etdi, radikal və ekstremist mövqeli şəxslərlə birləşərək dövlətin içində dövlət yaratmağa çalışdı.

Dövlət orqanları da boş-boşuna oturmadı, belə dağıdıcı insanlara qarşı bir saniyə belə mübarizəni dayandırmadı.

Bu fəaliyyətin məntiqi nəticəsidir ki, Nardaranda indi həyat öz axarıyla davam edir, qəsəbədə quruculuq-abadlıq işləri gedir, dindarlar öz inanclarına uyğun olaraq yaşayır və dövlət orqanları ilə əlbir çalışır.

Təkcə yaşadığımız məmləkətdə deyil, qərb ölkələrində də hər kəs bilir ki,  Azərbaycan tolerant dəyərlərin hakim olduğu dövlət kimi seçilir. Taleh Bağırov kimi insanlar isə bu dəyərləri pozmağa çalışıb. Ancaq artıq gecdir. Neqativ əməlləri  nəticəsində Azərbaycanda şiəyönümlü şəxslərə, eləcə də şiəliyə zərbə vuran bu şəxsin əsil simasını hamı tanıyır. O, uzun illər Azərbaycanda maarifçilik və dinin düzgün təbliği sahəsində fəaliyyət göstərən nüfuzlu dindarların əməyini yerə vura bilmədi.

Bu işdə isə Nardaran ağsaqqallarının əməyi danılmazdır.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın baş tutduğu ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində bir neçə aylıq həbs qətimkan tədbiri seçilib. Onun ev dustaqlığına çıxması üçün müraciəti də məhkəmə tərəfindən təmin edilməyib.

Xeberlenti.com (http://xeberlenti.com/?p=20272)

Review overview