Home / Hadisə  / “Ekspert” qalmaqalı: Alışanova yaxın şəxs ekspertlər siyahısına necə düşüb?

“Ekspert” qalmaqalı: Alışanova yaxın şəxs ekspertlər siyahısına necə düşüb?

Yasamal rayon məhkəməsində tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmliyə qarşı cinayət təqibi davam edir. Hazırda iş linqvistik ekspertiza mərhələsindədir. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, məhkəmə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova

Yasamal rayon məhkəməsində tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmliyə qarşı cinayət təqibi davam edir.

Hazırda iş linqvistik ekspertiza mərhələsindədir. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, məhkəmə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı mütəxəssis qismində ekspertizaya cəlb edib.

Yasamal rayon məhkəməsindəki mənbə bu faktı təsdiqləyib, lakin əlavə edib ki, adları çəkilən şəxsləri məhkəmə deyil, BDU-nun özü müəyyənləşdirib.

Saytımıza o da məlum olub ki, ekspertizada əsas mütəxəssis kimi seçilmiş Z.Şahbazova AzTV sədrinə yaxın şəxsdir. O, bir neçə il əvvəl A.Alışanovun qızı Nigarı Azərbaycan dili və ədəbiyyat fənnindən ali məktəbə hazırlaşdırıb. Ev şəraitində ona dərs keçib və indi də Alışanovlar ailəsi ilə şəxsi dostluq münasibətləri davam edir.

İkinci ekspert T.İsmayılova isə adi müəllimdir və onun dilçilik ixtisası üzrə heç bir elmi dərəcəsi yoxdur.

Media mütəxəssisi Q.Məhərrəmli gununsesi.info-nun “Siz belə ekspertlərin obyektiv olacağına inanırsınızmı” sualına “İndi disseratsiya müdafiəsindəyəm, bu məsələlərlə bağlı heç bir məlumatım yoxdur. Yalnız dediklərinizi dəqiqləşdirdikdən sonra vəziyyətə baxaram”-, deyə hər hansı izah verməkdən imtina edib.

Məsələyə münasibət bildirən hüquq eksperti Emil Əfəndiyev bu şəkildə mütəxəssis təyin edilməsini qanun pozuntusu adlandırıb: “Əvvəla, Qulu müəllim BDU-nun əməkdaşı olduğu üçün oradan mütəxəssis cəlb edilməsi doğru deyildir. Çünki bu və ya başqa səbəbdən rəyin obyektivliyi üçün şübhələr yarana bilər. İkincisi isə, Ekspertiza haqqında qanuna görə, işin nəticəsində maraqlı olan şəxsin mütəxəssis kimi rəy hazırlanmasında iştirakı yolverilməzdir”- , deyə hüquqşünas bildirib.

Hüquq eksperti onu da əlavə edib ki, hazırda ölkə ziyalılarının böyük dəstək verdiyi Q.Məhərrəmli ilə bağlı məhkəmə işi cəmiyyət, media və ifadə azadlığı üçün ciddi önəm daşıdığından geniş ictimai müzakirəyə səbəb olub. Ona görə də bu işin xarakteri, ekspertiza təhqiqatının predmetinin mürəkkəbliyi iş üzrə cəlb olunan mütəxəssislərin çox obyektiv olmasını, həm də bu mütəxəssislərin xüsusi biliklərə malik şəxslər dairəsindən seçilməsini zəruri edir. Qeyd edək ki, məhkəmə qərarı üçün ekspertiza rəyi müəyyən əhəmiyyət daşıdığına görə A.Alışanov vəzifəsinin hesabına proseslərə təsir göstərməyə, nəyin bahasina olursa-olsun ekspertizadan məlum müsahibə ilə bağlı mənfi rəy almağa çalışır. Bir müddət əvvəl onun müavini E.Dünyamalıyevin Dilçilik institutunda mütəxəssislərdən Q.Məhərrəmli əleyhinə mənfi rəy almaq cəhdi də göstərir ki, AzTV rəhbəri dövlət resursalrından şəxsi məqsədləri üçün geniş istifadə edir.

Xatırladaq ki, bu ilin fevralında Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsindəki fikirləri təhqir və böhtan kimi dəyərləndirən AzTV rəhbəri telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb.

Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə Qulu Məhərrəmlidən onun barəsində səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.

Gülnaz Qənbərli

(http://gununsesi.info/ekspert-qalmaqali-alisanova-yaxin-s%C9%99xs-ekspertl%C9%99r-siyahisina-nec%C9%99-dusub/)

Print Friendly, PDF & Email
Review overview